Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri AHK-İmpuls tədbirinin fəxri qonağı olub

2 may 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün PwC Azərbaycan şirkətinin sponsorluğu ilə növbəti AHK-İmpuls tədbirini təşkil edib.

Tədbirin fəxri qonağı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Naveed Hassan Naqvi “Azərbaycanın iqtisadi perspektivləri” adlı təqdimat ilə çıxış edib.

Dünyadakı iqtisadi və biznes mühitini təhlil edən son beynəlxalq hesabatlar haqqında məlumat verən cənab Naqvi Azərbaycanın “Doing Business 2019” hesabatında 25-ci pilləyə yüksəlməsi ilə bağlı uğurunu vurğulayıb. O, Dünya Bankının və beynəlxalq təşkilatların bu nailiyyəti yüksək qiymətləndiriyini bildirib.

2019-cu il üzrə İnsan Kapitalı İndeksində Azərbaycanın 69-cu yerdə qərarlaşdığını və insan faktorunun biznesin təşkil olunması və innovasiya üçün vacib mənbə rolunu oynadığını qeyd edən cənab Naqvi hökumət və cəmiyyət arasında sosial əlaqələrin gücləndirilməsində mühüm amil olan insan kapitalının inkişafının zəruriliyini də diqqətə çatdırıb.

Xüsusilə qeyd olunub ki, Azərbaycanda bazarın inkişafını təmin edən iki əsas mənbə var: neft və insan kapitalı. Bununla əlaqədar, ölkədə diqqətin neft sektorundan insan kapitalının inkişafına yönəldilməsinin önəmi vurğulanıb. Cənab Naqvi həmçinin, Azərbaycanda təhsil sisteminin və səhiyyə sektorunun inkişafında hökumətin rolunun əhəmiyyətini qeyd edib.

Bundan əlavə, o, son prezident seçkilərindən etibarən dövlət orqanlarında tətbiq olunan yeni idarəetməni yüksək qiymətləndirdiyini bildirib və digər Nazirliklərlə bərabər, Vergilər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən yeni təyinatları xüsusilə qeyd edib. Cənab Naqvi çıxışının sonunda ölkənin iqtisadi perspektivlərinin inkişaf etdirilməsində bilik və praktiki bacarıqların əhəmiyyətini də vurğulayıb.

Bundan sonra, PwC Azərbaycan şirkətinin Risklərin təhlili və nəzarəti qrupu üzrə Baş Meneceri cənab Otabek Sidikov “Effektiv korporativ idarəetmə üzrə üç müdafiə xətti” mövzusunda təqdimat edib. AHK Azərbaycan üzvlərinin sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra tədbir şam yeməyi ilə yekunlaşıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: