Baku City CircuitFormula 1

Dünya şöhrətli Formula-1 pilotu Bakıda səfərdədir

Dünya şöhrətli Formul-1 pilotu Devid Kulthard iyunun 23-dən 25-dək Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıq prosesi çərçivəsində ölkəmizə səfər edərək Formula-1-in ən yeni treki – Bakı şəhər halqası ilə yaxından tanış olub.

Devid Kulthard Bakıya səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı şəhər halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerləri ilə diqqətə maraqlanıb. Formula-1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran-prisindən bir həftə əvvəl keçirilən bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb. O, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı şəhər halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib.

“Williams”, “McLaren” və “Red Bull” komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula-1 yarışını fərqləndirən əsas məqamlarla da tanış olub. Dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə xüsusən maraqlanıb. O, həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə – 18-ci döngəyə və eyni zamanda, trekin iki istiqamətli hissəsinə də baxış keçirib.

Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də olub. Ötən il “Williams” komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən, saatda 366 kilometr sürətlə hərəkət edərək Bakı şəhər halqasına ən sürətli şəhər treki ünvanı qazandırmışdı. Qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi saatda 378 kilometr təşkil edib.

Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirərək deyib: “Formula-1 Azərbaycan Qran-prisindən əvvəl Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəmdir və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş Formula-1 yarışı ərəfəsində səfərim zamanı yaranmış ilkin təəssüratlarımı daha da qüvvətləndirdi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri, həmçinin özündə daşıdığı Şərq və Qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula-1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.

Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək. O, həmçinin Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kollektivi ilə də görüşəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!