Dünyaca məşhur britaniyalı müğənni Sem Smit Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

“Qremmi” və “Oskar” mükafatlı pop ulduzu 27 aprel tarixində Bakıda konsert proqramı ilə çıxış edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, çox sayda mükafata layiq görülmüş və milyonlarla albom satışı ilə böyük uğur qazanmış britaniyalı müğənni Sem Smit 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü – 27 aprel tarixində axşam saatlarında Bakı Kristal Zalında canlı konsert verəcək.

2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch”mahnısı ilə məşhurlaşan Sem Smit daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilə ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülərək elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkar edilməsi məqsədilə keçirilən sorğuda birinci yeri tutub. Karyerasına başladığı vaxtdan bu yana“Writing’s On The Wall”daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə 1-ci yeri tutub. Qeyd edək ki, “Writing’s On The Wall”mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 “Qremmi”, 2“BRIT”və “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında (“Writing’s On The Wall”)“Oskar”“Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

Musiqiçinin “In The Lonely Hour”adlı ilk albomu 2014-cü ilin may ayında Birləşmiş Krallığın “UK Singles Chart”və ABŞ-ın “Billboard Top 200” hit-paradlarında müvafiq olaraq 1-ci və 2-ci yeri tutub və bu albomun dünya üzrə satışı 15,8 milyondan çox olub. Bununla da, Sem Smit Amerikada albomun çıxdığı ilk həftədə ən çox satış edən ilk britaniyalı kişi müğənni, eləcə də, 2014-cü ildə həm Birləşmiş Krallıq, həm də ABŞ-da bir milyon albom satan yeganə musiqiçidir.

2017-ci ilin noyabr ayında “The Thrill Of It All”adlı ikinci albomunu çıxaran Sem yenidən Birləşmiş Krallıq və ABŞ-da ən çox dinlənən müğənni olub və həmin albomun indiyə qədər dünya üzrə satışı 4 milyonu keçib. 2018-ci ildə Kelvin Harris ilə birgə çıxardığı “Promises” mahnısı ilə 6 həftə Birləşmiş Krallığın rəsmi hit-paradında ilk yeri tutan Sem Smitin ən son mahnısı isə “Dancing With a Stranger” adlanır.

Canlı musiqi ifaçısı kimi böyük nüfuza malik Sem Smitin ötən yay Los Ancelesin “Staples” mərkəzi kimi dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletləri tamamilə satılmaqdadır.

İndiyədək Sem Smitin 20 milyondan çox albomu, 125 milyondan çox sinqlı satılıb. O, sosial mediada milyonlarla musiqisevər tərəfindən izlənilir:

Facebook: 6,1 milyondan yuxarı

Twitter: 7,9 milyondan yuxarı

Instagram: 11,7 milyondan yuxarı

Youtube izləyiciləri: 9,7 milyondan yuxarı

Youtube baxış sayı: 4,8 milyarddan yuxarı

Spotify üzrə orta aylıq dinləyici sayı: 40,8 milyona yaxın(Dünyada 10-cudur)

Spotify izləyici sayı: 8 milyondan yuxarı

BŞH-nin icraçı direktoru Arif Rəhimov Sem Smitin Bakıya gəlişinə belə münasibət bildirib: “2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici kütləsi cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək.Buna görə də, bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və 26-28 aprel tarixlərində pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2019 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: