“Ekranda sərgi” layihəsinin dördüncü mövsümü açıq elan edilib

“British Council Azərbaycan” “CoolConnections” şirkəti və “Park Cinema” ilə əməkdaşlıq çərçivəsində dekabrın 11-də “Ekranda sərgi” layihəsinin dördüncü mövsümünü açıq elan edib.

“British Council Azərbaycan”dan bildirilib ki, yanvar ayından etibarən “Ekranda sərgi” incəsənətlə bağlı sənədli filmlər çəkmiş britaniyalı rejissor Fil Qrabskinin səkkiz möhtəşəm əsəri ilə dördüncü mövsümə başlayır.

Dördüncü mövsümün açılış filmi “İeronim Bosxun möcüzəli dünyası” olacaq. Film yanvarın 7-də “Park Cinema” kinoteatrlarında nümayiş olunacaq. “İeronim Bosxun möcüzəli dünyası”nda Niderlandın cənubunda yerləşən Hertoqenbos şəhərdəki muzeydə keçirilən məşhur “İeronim Bosx – dahinin baxışı” sərgisindən bəhs edilir. Sərgi Bosxun bir çox rəsm və şəkillərini doğma şəhəri Den-Bosda ilk dəfə bir araya gətirib və dünyanın müxtəlif yerlərindən yarım milyona yaxın sənətsevəri cəlb edib.

Biletləri onlayn şəkildə və “Park Bulvar” və “Alov qüllələri”nin bütün kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, cari ilin iyulundan həyata keçirilən “Ekranda sərgi” layihəsi dünyanın hər yerindən ən yaxşı incəsənət sərgilərini Azərbaycanın kinoteatr ekranlarına gətirir.

“Ekranda sərgi” gündən-günə artmaqda olan beynəlxalq auditoriyalara dünyanın ən tanınmış qalereyalarını, sərgilərini və rəssamlarını görmək imkanı verir. Tamaşaçılar tarixdə ilk dəfə dünyanın ən görkəmli sənət incilərini böyük ekranda yüksək keyfiyyətlə ön sıradan izləmək fürsəti qazanır.

Dünyanın ən böyük incəsənət sərgilərində, muzey və qalereyalarda lentə alınmış bu yenilikçi film seriyası dünyanın müxtəlif yerlərindən olan sənətsevərlərə tarixin ən dahi rəssamlarının əsərlərini izləmək və onlardan zövq almaq imkanı verir. Filmlər 50-dən çox ölkədə 1500-dən çox kinoteatrda nümayiş olunub və bir milyondan artıq bilet satılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: