EventsOxu zalıTəqdimat

“Fərd və Yol” jurnalını yaxından tanıyaq

Jurnalın təsisçisi Nərmin Əmirova, baş redaktoru isə Cəmalə Əlirzayevadır.

Təsisçisi Nərmin Əmirova: “Bu jurnalı hazırlamaqda məqsədimiz – həyat YOLunu daha zövqlü edəcək fərqli, alternativ vasitələr təqdim etmək, üzvü olduğumuz cəmiyyətə yeni rənglər qatmaqdır. Cəmiyyət olaraq birlikdə düşünəcəyik: yolu belə addımlasaq, dahamı gözəl olar, görəsən? Jurnalın hər sayında yeni bir mövzu, fərd və cəmiyyət münasibətləri baxımından aktual problem qoyulacaq və hərtərəfli araşdırılacaqdır. FƏRD VƏ YOL jurnalının ilk sayının mövzusu UŞAQ və UŞAQ HÜQUQLARIdır. Uşaqların malik olduqları haqların az bir qismindən danışdıq, uşaq dünyasına kiçik pəncərə açmağa, hisslərini və düşüncələrini anlamağa cəhd etdik və problemlərini təhlil etdik. “Uşaq məsum, həssas, gücsüz və inkişafda olan insan varlığıdır, eyni zamanda hər şeyi öyrənməyə can atan, həyat və ümid doludur. Həyatının bu mərhələsini oynayaraq, öyrənərək və inkişaf edərək keçirərsə, həm özü xoşbəxt olar, həm də gələcəkdə cəmiyyətin rifahı və xoşbəxtliyinə töhfə verər”

Qeyd edək ki, ötən ilin sonunda jurnalın 1-ci buraxılışının təqdimatı Kitabevim.az-da keçirilmiş və jurnal bu vaxta qədər müəyyən auditoriya toplaya bilmişdir.

Lerik rayonunda E.Səfərov adına Çayrud kənd tam orta məktəbində Çayrud kənd ziyalıları və müəllimləri ilə “Fərd və Yol” jurnalının müzakirəsi böyük marağa səbəb olmuşdur. Görüşdən bir gün öncə isə Ə.Musayev adına Vizəzəmin kənd tam orta məktəbində jurnalın təqdimatı keçirilmişdir.

Avqustun 24-də “Başla” kafedə “Fərd və Yol” jurnalının sayca 2-ci buraxılışının təqdimatı keçiriləcəkdir. Bu buraxılışda uşaqların təhsil huququna geniş yer ayrılmışdır. Həm şəhər, həm də kənd məktəblərində aparılmış sorğunun nəticələrinə əsaslanaraq uşaqların təhsil hüququnun pedaqoji, hüquqi və psixoloji tərəfləri analiz edilmiş və jurnalda öz əksini tapmışdır.

Odur ki, bütün köhnə və yeni oxucuları jurnalın 2-ci sayının təqdimat mərasimində gözləyirik. Bu dəfə sizə deyiləcək çox söz var.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!