EventsTeatrTəqdimat

Fərəc Qarayev müəllifi olduğu tamaşanın premyerasında iştirak edib

Azərbaycan Dövlət Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məşhur – “Qodonun intizarında”  pyesi əsasında hazırlanan absurd tamaşanın  premyerası olub.

Bir çox beynəlxalq teatr arenalarını bəzəsə də, heç vaxt musiqili teatrlarda oynanılmayan  absurd aləmin şah əsəri – “Qodonun intizarında” üçün dünyada ilk dəfə simfonik instrumental musiqini Azərbaycanlı bəstəkar,  Xalq artisti, professor Fərəc Qarayev yazıb.

Anşlaqla keçən premyerada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasıyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyeva və tamaşanın müəllifi, xalq artisti Fərəc Qarayev, ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri və media əməkdaşları iştirak ediblər. Böyük diqqət və marağa səbəb olan “Qodonun intizarında” əsəri barədə xoş təəssüratlarını bölüşən tamaşaçılar yaradıcı heyətə gül-çiçək dəstələri hədiyyə edərək xatirə şəkilləri çəkdiriblər.

Tamaşanın layihə müəllifi və bədii rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Əslində, tamaşanı diqqətlə seyr edən izləyici o mücərrəd fonda özünü görə bilir.

Tamaşada rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Hüseyn Əlili və on dörd yaşlı aktyor Hüseyn Nağıyev ifa edirlər. Tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri – əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!