F1 simulyator çempionatının qalibi Quba məktəblisi oldu

Martın 19-u dənizkənarı bulvarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının final yarışı baş tutdu.

Gərgin mübarizə şəraitində keçən yarışdaQuba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) ən sürətli nəticə göstərərək regionların çempionu ünvanına yiyələndi.

Yarışda bütün rəqiblərini üstələyən F.İslamov qalibiyyəti haqqında belə danışdı: “Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm.

Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula 1-ə böyük maraq və həvəs oyatdı.

Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra gəzməli-görməli yerlərdə, o cümlədən İçərişəhər və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızıdaha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edirdi.

Yarışın sonunda bütün regional qaliblərə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə “İSMA” şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verildi. Bundan başqa, regionların çempionuna isə əlavə olaraq 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün tribunaya 2 nəfərlik 4 günlük bilet təqdim olundu.

Yarışdan sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət etdilər. Burada məktəblilər Formula 1 Azərbaycan Qran Prisinin Könüllülük və Marşallıq proqramları ilə tanış oldular və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verildi.

Layihənin təşkilatçılarından olan BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai simulyatorda F1 çempionatının gözləniləndən daha yaxşı keçdiyini bildirdi: “İlk dəfədir ki, belə bir layihə keçirirdik. Regionlarda bu çempionata gözlədiyimizdən daha böyük maraqla qarşılaşdıq. Yuxarı sinif şagirdləri böyük həvəslə seminar və yarışlarda iştirak etdilər, həm maarifləndilər, həm də əyləndilər.

Region sakinləri də bu həyəcana qoşuldular, Formula 1 haqqında ətraflı məlumat əldə etməyə çalışdılar. Bir sözlə, çempionat yüksək səviyyədə reallaşdı və deyə bilərəm ki, bu layihə ilə biz qarşıya qoyduğumuz məqsədə tam nail olduq”.

Azərbaycanda ilk dəfə keçirilən Formula 1 simulyator çempionatı fevralın 19-dan martın 19-dək davam etdi. Çempionatda 6 regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın şəhər məktəblilərinin 9-11-ci sinif şagirdləri iştirak etdilər.

Ümumilikdə 1200-dək məktəblihəm AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair verilən seminarlara qatıldı, həm də yarışda mübarizə apardı. Bununla yanaşı, region sakinləri də simulyatorda Bakı Şəhər Halqasında F1 bolidi sürmək imkanına sahib oldular.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: