Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda “Fantaziya” mədəni irs festivalı keçirəcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci “Fantaziya” mədəni irs festivalı keçirəcək.

Frame.az xəbər verir ki, festivalla bağlı oktyabrın 28-də “Landmark”da mətbuat konfransı təşkil edilib.

Bildirilib ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantaziya” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür.

Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.

Mətbuat konfransında Fransanın ölkəmizdəki səfiri Zakari Qros deyib ki, festivalda konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər təqdim ediləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib: “Azərbaycan da önəmli tərəfdaşımız olduğundan biz tədbirlərdən birinin Bakıda keçirilməsini qərara aldıq. Artıq Azərbaycan müstəqilliyinin 100 illiyini qeyd edib. Çox təəssüflər olsun ki, bu yüz il ərzində bəzi ölkələrdə mədəni irsin qorunmasına elə də böyük diqqət ayrılmayıb. Lakin hazırda bu istiqamətdə önəmli işlər görülür və düşünürəm ki, “Fantaziya festivalı” bu işə öz töhfəsini verəcək”.

Belçikanın Azərbaycandakı səfiri Bert Şufs festivalda ölkəsinin “Marina” filmi ilə təmsil olunduğunu bildirib. Qeyd edib ki, film eyniadlı mahnı əsasında çəkilib. Bununla əlaqədar səfir Azərbaycanda bütün “marinalar” arasında mahnı müsabiqəsi elan edir.

Moldovanın ölkəmizdəki səfiri George Leuka bildirib ki, Azərbaycanda olduğu kimi öz ölkəsi də xalçaçılıqla məşğul olur. Bu mədəni irsin saxlanılması istiqamətində atılan addımlardan biridir. İki dövləti birləşdirən cəhətlərdən biri də şərab istehsalıdır deyən səfir, Moldovada dünyanın ən böyük şərab zirzəmilərinin yerləşdiyini diqqətə çatdırıb. Belə ki, Moldova festival zamanı öz təcrübəsini məmnuniyyətlə bölüşəcək.

Diqqətə çatdırılıb ki, festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində təşkil olunacaq memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə ustad dərslərlə davam edəcək. Bu münasibətlə Bakıya 10-dan çox xarici qonaq gələcək.

Festival çərçivəsində sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər.

Festival “The Landmark” otel və biznes mərkəzinin dəstəyi ilə keçirilir. Tədbirin rəsmi tərəfdaşları “YARAT” Müasir İncəsənət Məkanı, “Salaam Cinema”, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, AEDOS, Barselona Casa Battlodur. Elmi tərəfdaşları KaFoskari Venesiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan-Fransız Universiteti, Gəncə Dövlət Universitetidir. “United Cultures” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: