“Fantaziya” festivalına həsr olunmuş mətbuat konfransı keçirilib

Oktyabrın 25-də İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “Fantaziya” festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

Frame.az xəbər verir ki, mərkəzinin direktor müavini Leyla Quliyeva Azərbaycanda ilk dəfə təşkil olunan “Fantaziya” festivalını yüksək qiymətləndirib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Bakı şəhərinin “Fantaziya” Mədəni İrs festivalının keçirilməsinə tam hazır olduğunu söyləyib.

Məlumat verilib ki, noyabrın 1-dən 10-dək keçiriləcək festival çərçivəsində Azərbaycan ictimaiyyətinə bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda, əyləncəli tədbirlər təqdim olunacaq. Tədbirlər sırasına konsertlər, sərgilər, “dəyirmi masa”lar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turları daxildir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında deyib: “2018-ci Avropa Mədəni İrs İli” çərçivəsində belə bir festivalın Bakıda keçirilməsinin səbəbindən biri də Azərbaycan paytaxtının artıq Avropa şəhərinə çevrilməsidir”.

K.Yankauskas qeyd etdi ki, “Fantaziya” festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən söz açıb. Bildirib ki, Mədəniyyət nazirliyi Avropa İttifaqı ilə birgə layihələri uğurla həyata keçirir. Bakı şəhərində “Fantaziya” festivalının keçirilməsi olduqca düzgün seçimdir. Bakı şəhəri keçmişlə müasirliyin vəhdətini təşkil edir. Ölkə başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə mədəni irsin qorunması prioritet sahələrdən sayılır. Azərbaycanda təkcə milli irs deyil, müxtəlif dinlərə və konfessiyalara aid tarixi abidələr də qorunub saxlanılır.

Konfransda festivalının yekun proqramı və tədbirlərin məzmunu iştirakçıların diqqətinə çatdırılıb.

Festivalın kuratoru Könül Rəfiyevadır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: