Baku City CircuitFormula 1Idman

Fernando Alonso ilin sonunda Formula 1 idmanında karyerasını başa vuracaq

Formula 1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso karyerasını başa vurmağa hazırlaşır. “McLaren” komandasının sürücüsü cari çempionat başa çatdıqdan sonra Formula 1 idmanı ilə vidalaşacaq.

Frame.az Anadolu agentliyinə istinadla xəbər verir ki, 37 yaşındakı pilot “McLaren”in internet səhifəsində yer alan açıqlamada qeyd edib: “Bu qeyri-adi idman növü üzrə keçirdiyim 17 gözəl ildən sonra həyatımda dəyişiklik etməyin və yoluma yeni macəra ilə davam etməyin vaxtı çatıb”.

Formula 1 karyerasında birlikdə çalışdığı şəxslərə təşəkkürlərini bildirən pilot deyib: “Bir neçə ay əvvəl mövsümün sonunda karyeramı başa vurmağı qərara aldım. Ona görə də builki çempionatda həmişə olduğundan daha çox əzmlə mübarizə aparacağam. Sonda hansı nəticəyə nail olacağımı görəcəyik. Hazırda həyatımın ən xoş anlarını yaşamağıma baxmayaraq, özümdə yeni macəralara başlamaq ehtiyacı hiss edirəm”.

F.Alonso karyerasına 2001-ci ildə “Minardi” komandasının heyətində “Avstraliya Qran-Prisi ilə başlayıb. O, 17 il ərzində iki dəfə – 2005-ci və 2006-cı illərdə “Renault” komandası ilə çempion adını qazanıb.

Fernando Alonsonun Azərbaycanda keçirilən Qran-prilərdəki çıxışı uğurlu olmayıb. 2016-cı ildə Formula Avropa Qran-Prisində qəza səbəbindən finiş xəttinə çata bilməyən ispaniyalı pilot 2017-ci ildə 9-cu, builki yarışda isə 7-ci yerdə qərarlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!