“Fiziki Tərbiyə və İdmanda Gender Bərabərliyi” seminarı keçirilib

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində 4 iyun tarixində fiziki tərbiyə müəllimləri üçün “Fiziki Tərbiyə və İdmanda Gender Bərabərliyi” adlı onlayn seminar keçirilib. Seminar UEFA AVRO 2020 A qrup mərhələsinin Bakıda keçiriləcək Uels oyunlarına həsr edilib.

Frame.az-a verilən məlumata görə, proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, British Council Azərbaycan ofisinin ölkə üzrə direktoru Samr Şah, Britaniya səfirinin müavini Filip Berkley, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru xanım Təhminə Tağızadə, “İnkişaf Naminə İdman” İB sədri Mehman Kərimov və bir sıra digər rəsmi nümayəndələr, qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mehman Kərimova TOPs çərçivəsində həyata keçirilən futbol fəaliyyətlərinə diqqət çəkib və seminarın UEFA AVRO 2020 A qrup mərhələsinin Bakıda keçiriləcək Uels oyunlarına həsr edildiyini söyləyib.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev çıxışında idmanda və fiziki tərbiyədə qadınların aktiv iştirakının vacibliyini vurğulayaraq TOPs proqramının bu sahədə əvəzsiz rolunu yüksək qiymətləndirib.

“British Council”ın ölkə üzrə direktoru Samr Şah Britaniyada qadınların idmana cəlb edilməsi təcrübəsindən və bu təcrübənin faydalılığından söz açaraq proqramın tərəfdaşlarına dərin təşəkkürünü ifadə edib.

Britaniya səfirinin müavini Filip Berkley isə seminarın təşkilinə görə təşkilatçılara xüsusi təşəkkürünü bildirərək pandemiya və post pandemiya dövründə fiziki tərbiyə və idmanın vacibliyi və bu sahədə gender bərabərliyinin əhəmiyyəti haqqında şəxsi fikirləri ilə bölüşüb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Tibb üzrə fəlsəfə doktoru xanım Təhminə Tağızadə də mövzunun bu günkü aktuallığı, eyni zamanda qız və qadınların fiziki tərbiyə və idmanda kütləvi iştirakının nə qədər vacib və əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra tədbirin spikerlərindən olan aparıcı və futbol şərhçisi Şəmsəddin Abbasov AVRO 2020-nın A qrupunun, o cümlədən Uels oyunlarına dair maraqlı fakt və statistikalarla zəngin təqdim edib.

Tədbir digər spikerləri TOPs proqramın rəhbəri Vəli Musayev və TOPs təlimçisi xanın Gülyana Özcan seminarın mövzusuna dair maraqlı təqdimatlar edib.

Qeyd edək ki, Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-2015 tədris ilindən 3 pilot məktəblə başlanılıb. Hazırda proqrama 4-ü inkluziv olmaqla 726 məktəb cəlb

olunub. TOPs proqramının həyata keçirildiyi hər məktəbdə qadınların aktiv iştirakı prioritet götürülüb.

TOPs proqramın icra olunduğu 2014-2021-ci il müddətində 2680 fiziki tərbiyə müəllimi təlimlərə cəlb olunub və bunların 38%-ini qadınlar təşkil edib. Proqrama qoşulan 489 ibtidai sinif müəlliminin isə 99%-i qadınlardan ibarət olub. TOPs metodikası ilə fənn dərsləri keçilən 529 000 şagirdin 60% qızlardır. TOPs proqramı çərçivəsində 200-dən çox “İdman festivalı” və “Açıq Dərs” keçirilib. Bu tədbirlərdə inkulizivlik gözlənilməklə, bərabər sayda qız və oğlan komandaları iştirak edib. Festivallar və açıq dərslər üzrə seçilən “Ən yaxşı idman müəllimi” kateqoriyası üzrə isə 18 qalib müəllimdən 12-i qadındır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: