Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində trekin yaxınlığında ictimai nəqliyyat vasitələri intensiv fəaliyyət göstərəcək

Aprelin 26-28-də Bakının mərkəzi küçələrində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçıların trekə, Dənizkənarı Milli Parkda yerləşən “F1 Şəhərciyi”nə və bilet aldıqları tribunalara rahat şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən aprelin 27-28-də trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-28-də isə metronun “28 May”, “Sahil” və “İçərişəhər” stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Metronun digər stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq.

Frame.az xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai aprelin 8-də təşkil olunan brifinqdə deyib.

N.Arpadarai bildirib ki, trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda düşərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsindən keçəcək. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda düşərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobus metronun “Nəriman Nərimanov” stansiyası – “28 May” stansiyası (Salatın Əsgərova küçəsi) – “28 May” stansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsindən (Rəşid Behbudov adına Mahnı Teatrının yanı) keçəcək. Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda düşüb bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində avtobus 20-ci Sahə – Bakı Su İdmanı Sarayı – Dövlət Bayraq Meydanı – İnturist oteli ilə üzbəüz dayanacaqdan keçəcək. Bu avtobus 6 dəqiqəlik intervalla hərəkət edəcək.

Qeyd olunub ki, yarış həftəsində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün ərzində açıq olacaq. Həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

“Aprelin 24-dən 29-dək Dənizkənarı Milli Parkın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-də saat 12:00-dan etibarən yarış günlərində yalnız dördgünlük biletlərin sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona aprelin 26-28-də saat 10:00-dan etibarən açıq olacaq. Həmin günlər ərzində küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək”, – deyə N.Arpadarai əlavə edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: