Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri və əməkdaşları “Könüllü Qonşu” aksiyasına qoşulublar

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) promouteri olduğu Formula 1 Azərbaycan Qran Prisi yarışlarının könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşkilatçılığı ilə 6 aprel 2020-ci il tarixindən etibarən keçirilən “Könüllü Qonşu” aksiyasında yaxından iştirak edərək yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.

Aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi rejim dövrünün tələblərinə müvafiq şəkildə, yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz olan əlillər və 65 yaşdan yuxarı ahıl şəxslərə gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin aksiyada böyük həvəslə iştirak etdiyini bildirib: “Bizim üçün çox qürurverici haldır ki, könüllülərimiz ehtiyac duyulan bütün məqamlarda cəmiyyətin sosial rifahı naminə öz dəstəklərini hərtərəfli şəkildə böyük həvəslə göstərirlər. Biz il ərzində müxtəlif zamanlarda bir sıra sosial məsuliyyət layihələri həyata keçiririk. Bunun təbii nəticəsi olaraq artıq bu yanaşma bütün könüllülərimizin əsas dəyərlərindən birinə çevrilib. Ümidvarıq ki, onların cəmiyyətə verdiyi bu əvəzolunmaz töhfələr xalqımız arasında mövcud birlik və bərabərliyin daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə xidmət göstərəcək”.

Formula 1 könüllüləri AKƏM-in təqdim etdiyi və həmçinin özlərinin hazırladığı elanları qonşuların görə biləcəyi yerlərə – binaların girişi və liftlərin yanına yerləşdirirlər. Bu elanlarda könüllülərin şəxsi əlaqə nömrələri də əks olunur. Köməyə ehtiyacı olan şəxslər bu nömrə ilə əlaqə saxlayaraq ən qısa müddətdə öz ehtiyaclarını təmin edə bilirlər.

Yardım zamanı könüllülər xüsusi rejimin bütün tələblərinə ciddi şəkildə riayət edirlər. Belə ki, onlar SMS vasitəsilə müvafiq xidmətdən icazə alaraq, həmçinin əlcək və maska taxaraq evdən çıxırlar, heç bir halda kömək göstərəcəyi şəxsin evinə daxil olmurlar, ünsiyətdə olduğu insanlarla azı 2 metr ara məsafəsi saxlayırlar və ərzaq və ya dərmanların alınması üçün ehtiyac sahiblərindən əvvəlcə pulu götürməklə zəruri məhsulları alaraq qəbzi ilə birlikdə təqdim edirlər.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: