Baku City CircuitFormula 1Ən Son

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 11-14 yanvar 2018-ci il tarixlərində İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 28-ci Beynəlxalq Avtoidman Sərgisində növbəti dəfə stend açıb.

Stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq və simulyatorlarda Bakı Şəhər Halqasında yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan Bakı Şəhər Halqası və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan Qran Prisini təmsil edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə keçiriləcək Formula 1yarışına beynəlxalq ictimaiyyətin böyük maraq göstərdiyini bildirib: “Biz Azərbaycan Qran Prisini daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Bu möhtəşəm sərgidə ötən il də iştirak etmişdik, ancaq bu il Bakıda keçiriləcək yarışa daha böyük maraq müşahidə olundu. Stendimizi ziyarət edən avtoidman həvəskarları böyük həvəslə növbəti yarışı gözlədiklərini bildirdilər.

 Həmçinin avtoidman sahəsi üzrə ixtisaslaşmış beynəlxalq media qurumlarının təmsilçiləri ilə də görüşlər keçirdik, onlara ilin ən yaxşı yarışına evsahibliyi etmiş paytaxtımızda baş tutacaq növbəti möhtəşəm Formula 1 yarışı ilə əlaqədar son yenilikləri təqdim etdik. Göstərilən beynəlxalq marağa əsasən deyə bilərəm ki, bu il Azərbaycan Qran Prisi xaricdən əvvəlki illərdəkindən daha çox avtoidman həvəskarı cəlb edəcək”.

Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!