Formula 1-in Çin mərhələsi İtaliyanın İmola şəhərində keçirilə bilər

Koronavirus səbəbi ilə qeyri-müəyyən müddətdə təxirə salınan Formula 1-in Çin mərhələsi İtaliyanın İmola şəhərində keçirilə bilər.

Frame.az “La Gazzetta” nəşrinə istinadla xəbər verir ki, 2006-cı ildən bəri Formula 1 yarışlarını qəbul etməyən İmola Çin Qran-Prisi keçirilməyəcəyi təqdirdə çempionat təqviminə daxil edilə bilər.

İmola avtodromunda əvvəllər San-Marino Qran-Prisi keçirilib. Artıq avtodrom rəhbərliyi Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yarışın İmolada keçirilməsi üçün rəsmi məktub göndərib. Ancaq bu günədək İmolanın iki əsas problemi necə həll edəcəyi məlum deyil. Bu problemlər Formula 1 təqviminə girmək üçün müasir təhlükəsizlik tələblərinə uyğun olaraq treki qısa müddətdə yenidən qurmaq və yürüşün təşkili üçün sponsor tapmaqdır.

Xatırladaq ki, FIA və Formula 1 Şanxayda aprelin 17-dən 19-dək keçirilməsi planlaşdırılan Formula 1 yarışlarının koronavirusun yayılması səbəbindən təxirə salınması ilə bağlı birgə qərar qəbul ediblər. Dekabrın 31-də Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində koronavirusun yeni növü (2019-nCoV) aşkar edilib. Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib. FIA və Formula 1 komandaların, azarkeşlərin, həmçinin əməkdaşlarının təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bu qərarı qəbul ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!