Formula 1 yarışlarının təşkilatçısının keçirdiyi multimedia müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə məqalə, videoreportaj və foto kateqoriyaları üzrə keçirdiyi multimedia müsabiqəsinin qaliblərini dəyərli hədiyələrlə mükafatlandırıb.

Onlarla yerli media nümayəndəsinin iştirak etdiyi müsabiqənin məqalə kateqoriyasında ilk üçlükdə müvafiq ardıcıllıqla 1news.az informasiya saytının müxbiri Teymur Maksutov, f-1.az avtoidman saytının əməkdaşı Rauf Hacıyev və oxu.az xəbər saytının təmsilçisi Səbuhi Musayev qərarlaşıb.

Müsabiqəyə təqdim olunan videoreportajların ən yaxşıları sırasında ilk üçlükdə CBC TV-nin müxbiri Nailə Həsənova, İctimai TV-nin idman verilişinin aparıcısı Fəridə Abdulla və İdman TV-nin şərhçisi Fərid Ramazanov yer alıb.

Əməliyyat şirkətinin “Gilavar” foto-klubu ilə birgə keçirdiyi foto-müsabiqədə iştirakçılar “trekdə” və “trekdən kənarda” mövzuları üzrə yarışıblar. “Trekdə” mövzusunda 1-ciliyi AzərTAc-ın fotoqrafı Roman İsmayılov ilə “Sputnik Azərbaycan”-ın nümayəndəsi Murad Orucov bölüşüblər. Bu mövzuda ikincilik və üçüncülüyə müvafiq olaraq “Anadolu” xəbər agentliyinin nümayəndəsi Rəsul Rəhimov iləmüstəqil fotoqraf Vəli Şükürov yiyələniblər. “Trekdən kənarda” mövzusunun ən yaxşıları adına isə müvafiq olaraq Roman İsmayılov və müstəqil fotoqraflar Nurlan Tahirli ilə Xaliq Əliyev nail olublar.Multimedia müsabiqəsinin hər bir kateqoriyası üzrə ən yaxşı nəticə göstərmiş qaliblər əməliyyat şirkəti hesabına bu il İspaniya Qran Prisinə səfər edəcəklər.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli jurnalistlərin avtoidmana olan xüsusi diqqətindən məmnun qaldığını bildirib: “Hər ötən il biz yerli media nümayəndələri ilə daha sıx işləyirik, onlar üçün müxtəlif növ təlimlər və mütəxəssis görüşləri keçiririk. Bunun nəticəsində jurnalistlər arasında Formula 1-ə daha peşəkar yanaşma müşahidə olunur və həmçinin ortaya qoyulan media işlərinin keyfiyyəti də davamlı yaxşılaşır.

Builki müsabiqə medianın hər üç aparıcı istiqamətini əhatə etdi və iştirakçılar bir-birindən məzmunlu əsərləri ilə yarışaraq həm avtoidmanı daha ətraflı işıqlandırdılar, həm də bu sahəyə yeni bir həvəs gətirdilər. İnanıram ki, müsabiqə iştirakçıları bundan əldə etdikləri stimul və xüsusi həvəs ilə növbəti yarışları hər dəfəkindən daha yaxşı şəkildə işıqlandırmağa nail olacaqlar.”

Tədbirin sonununda qonaqlar üçün əməliyyat şirkəti və “Gilavar” klubunun birgə təşkilatçılığı ilə foto-sərgi keçirilib. Sərgidə müsabiqəyə göndərilmiş fotolarla yanaşı klubun Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təklif etdiyi ən maraqlı şəkillər ziyarətçilərə təqdim olunub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: