2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəhər sakinləri 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. BŞH-dən Frame.az-a verilən məlumata görə, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq Meydanı və ona yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız 2018 Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət (23 Aprel – 1 May) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək aşağıda hər bir zonaya uyğun olaraq göstərilən nöqtələrdən əldə etmək mümkündür:

N. Zonalar İcazə sənədinin verilmə nöqtəsi Zonaya giriş Giriş vaxtı Əlaqə
1 İçərişəhər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Böyük Qala küçəsi 42/19

Zəncirli ev 2 mərtəbə

Azneft dairəsi 00:00-06:00 012 497 52 46
2 Azadlıq Meydanı 4 saylı Mənzil Kommunal İstismar Sahəsi

Xaqani küçəsi 26/32

5-ci blok 2-ci mərtəbə

Rəşid Behbudov küçəsi 00:00-06:00 012 498 88 06
3 BMT-nın 50 illiyi küçəsi 58 saylı Mənzil Kommunal İstismar Sahəsi.

İstiqlaliyyət küçəsi 5

Lermontov küçəsi İstənilən vaxt 012 492 41 85

İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

Məlumat üçün bildirək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Rəşid Behbudov küçəsi və 3-cü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə aprelin 23-ü gecə saat 01:00-dan etibarən mayın 1-i saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq, Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız yuxarıda qeyd olunan icazə sənədinə sahib nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar.

Qeyd edək ki, aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-ı, saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar alışveriş mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: