Beynəlxalq Muğam mərkəzində “Qarabağ Beynəlxalq Forumu” nun açılış mərasimi keçirilib

İyulun 2- də Beynəlxalq Muğam Mərkəzində  “Qarabağ Beynəlxalq Forumu”nun açılış mərasimi keçirilib.
“Qarabağ Beynəlxalq Forumu” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “Qarabağ” futbol komandası və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.
“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi tərəfindən cari ilin 2 – 8 iyul tarixlərində “Qarabağ Beynəlxalq Forumu” keçirilir. Beynəlxalq Forumda Avropanın 20 ölkəsindən Azərbaycanlı tələbələr də daxil olmaqla 150 nəfər iştirak edir.
Tədbir  Azərbaycan Dövlət Himninin ifası ilə başladı. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Qarabağ” futbol komandasının nümayəndəsi Arif Bayramov açılış nitqləri ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətindən söz açaraq gənclərə öz tövsiyələrini veriblər.
Tədbir bədii hissə ilə davam edib. Xanəndələrin ifasında qonaqlara “Qarabağ Qafqazın Mədəniyyət Mərkəzidir” adlı muğam proqramı təqdim edilib.
Gecədə Televiziya Muğam Müsabiqəsinin qalibləri Gülnar Qüdrətli  “Sarı gəlin” xalq mahnısını, Orxan Hüseynli “Segah”,Nurlan Namazov “Qatar” və Nisbət Sədrayeva “Şüştər” təsniflərini ifa ediblər.
 Xanəndələri  Əməkdar artistlər Sahib Paşazadə (tarda), Toğrul Əsədullayev (kamançada) müşayiət ediblər.
Beynəlxalq Forum öz işinə cari ilin 3 – 8 iyul tarixlərində Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə şəhərində davam edəcək. Tədbir çərçivəsində konstitutsiya, sülh, təhlükəsizlik və müdafiə məsələləri, ətraf mühit, sağlamlıq və qida təhlükəsizliyi, məşğulluq və digər mövzular üzrə 5 gün ərzində komitələr çərçivəsində müzakirə edilərək yekun təkliflər paketi Forumun son günü Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Gənclər Parlamentinin Berlin şəhərində yerləşən Beynəlxalq Ofisinə təqdim olunacaq. Bununla yanaşı gün ərzində xarici qonaqların Qarabağın qədim tarixini əks etdirən mədəniyyət mərkəzlərinə səfərləri təşkil ediləcəkdir.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: