EventsTeatrTəqdimat

ADO Britaniyada beynəlxalq foruma qatılıb

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Böyük Britaniyada keçirilən beynəlxalq İETM forumuna qatılıb. Forumda ADO-nu teatrın fransız əsilli aktrisası Elsa Furtado təmsil edib.

Foruma Kanada, Fransa, Avstraliya, Rusiya, İspaniya, Amerika, Böyük Britaniya və başqa ölkələrdən mədəniyyət qurumları, artistlər, prodüserlər qoşulub. Azərbaycandan isə ADO bu il forumda iştirak edib. Eyni zamanda ADO teatrı İETM şəbəkəsinin üzvü də seçilib.

Forumda 100-ə yaxın incəsənət qurumu iştirak edib. Onlar arasından 18 incəsənət qurumu təqdimat etmək üçün seçilib. Azərbaycanı təmsil edən ADO teatrı da çıxış üçün seçilmiş 18 qurumun içərisində yer alıb. Teatr adından çıxış edən aktrisamız Elsa Furtado ADO-nun 6 il ərzində ölkəmizdə gördüyü işlər haqqında danışıb, eyni zamanda teatrın beynəlxalq əlaqələrinin gücləndirmək istədiyini vurğulayıb: “Biz xarici incəsənət nümayəndələri ilə Azərbaycandakı müasir incəsənət yaradıcılarının birgə işini təşkil etmək, mədəniyyətlərarası inteqrasiyada maraqlıyıq”.

İETM müasir ifaçılıq sənəti üzrə beynəlxalq və genişmiqyaslı bir şəbəkədir. 450-dən çox qurum bu şəbəkədə təmsil olunur. Avropa İttifaqı forumun əsas dəstəkçisidir. Eyni zamanda British Council, İnstitut Fransaiç, Arts Council England, Swedish arts Council, Belfast City Council, Australia Council for the Arts, Republica Portuguesa Cultura və başqa beynəlxalq qurumlar da adıçəkilən forumun rəsmi dəstəkçisidir. 28-31 mart aralığında keçirilən forumda 550-dən çox insan iştirak edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!