EventsMusiqiMədəniyyətSəyahətTeatrTəqdimat

Gəncədə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçirilib

Fevralın 11-də Gəncə Dövlət Filarmoniyasının yeni möhtəşəm binası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ixtiyarına verilmişdi. Burada Gəncə şəhər icra hakimiyyəti və Gəncə Dövlət Filarmoniyası ilə Opera və Balet Teatrının birgə layihəsi – Üz.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçirilirdi. Qeyd edək ki,  tamaşa ilk milli operamızın 110 illiyinə həsr olunmuşdu. Çox böyük uğurla baş tutan tamaşanı seyr etmək üçün Gəncəli sənətsevərlərin yalnız bir hissəsi – şəhərin dövlət, idarə, elm, mədəniyyət, tədris, səhiyyə və s. təşkilatların əməkdaşları, tələbələr toplaşmışdılar. 1000 nəfərdən artıq tamaşaçı tutumu olan zalda boş yer olmadığından əlavə oturacaqlar belə qoyulmuşdu. Bizə tamaşada iştirak etmək arzusunda olanların böyük hissəsini zala sığışdırmaq mümkün olmadığını söyləyirlər.

Rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi və Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi tamaşada solistlər –  Xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı müğam ustası  Arzu Əliyeva (Leyli), Əməkdar artistləri  Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva (Məcnunun anası), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Nəzər Bəylərov (Zeyd) və Vüqar Əliyev (Şeyx) çıxış edirdilər. Yeni filarmoniya binasının hər cür texniki vasitələr və qurğularla təmin edilməsi tamaşanı, əsas səhnədə (Opera və Teatrının səhnəsində) olduğu kimi göstərməyə imkan verirdi. Zəngin və baxımlı dekorasiya və səhnə kostyumları, solistlərin mükəmməl ifası tamaşaçıları heyran etmişdi. Tamaşadan sonra onlar tamaşa iştirakçılarını gül-çiçək dənizinə qərq edərək sürəkli alqışları ilə səhnədən buraxmaq istəmirdilər.

Tamaşada iştirak edən Gəncə şəhər icra, hakimiyyətinin başçısı Elmar Vəliyev, Filarmoniyanın direktoru Xalq artisti Samir Cəfərov pərdə arxasına gələrək sənətçiləri təbrik etdilər və təşəkkürlərini bildirirdilər, qastrol səfərlərinin davamlı olmasını alqışladılar.

Qastrol səfərini işıqlandırmaq üçün bir çox Televiziya kanalları, elektron KİV nümayəndələri tamaşada iştirak edirdilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!