MusiqiMədəniyyət

Gənc pianoçuların respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 14-də Beynəlxalq Muğam Mərkəzində gənc pianoçuların III respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Frame.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva müsabiqə barədə məlumat verib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mayın 1-dən 23-dək gənc pianoçuların ənənəvi respublika müsabiqəsi təşkil edilib. Müsabiqə 9 -11, 12-14 və 15-18 yaş olmaqla üç yaş qrupu üzrə keçirilib. İki turdan ibarət müsabiqənin birinci turu regionlarda – Gəncə və Şəki şəhərləri, Ağcabədi, Ağstafa, Xaçmaz və Masallı rayonlarında baş tutub. İkinci turu isə Bakıda keçirilib.

Nazir müavini qeyd edib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar Müəllim, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərindən ibarət münsiflər heyəti 400-dək şagird və tələbənin çıxışını qiymətləndirib. Münsiflər heyətinin qərarına əsasən 18 ifaçı laureat adını qazanıb. Müsabiqəyə yüksək səviyyədə şagird və tələbə hazırlamış müəllimlər fəxri fərmanla təltif olunublar.

Münsiflər heyətinin sədri Nərminə Quliyeva iştirakçılar arasında çox istedadlı uşaq və gənclərin olduğunu qeyd edərək onların yetişməsində müəllimlərin əməyini xüsusi vurğulayıb. O, seçimlərin açıq konsert formatında aparıldığını söyləyərək obyektiv və şəffaf keçirməyə çalışdıqlarını deyib. N.Quliyeva istedadlı uşaqlara təhsillərini davam etdirmək üçün istiqamət verdiklərini də bildirib. Münsiflər heyətinin sədri müsabiqənin təşkilində əməyi olanlara minnətdarlıq edib.

Sonra qaliblər təltif edilib. Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri olan qaliblərə müsabiqənin müxtəlif dərəcəli diplomları verilib.

Daha sonra qaliblərin yekun konserti olub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!