Oxu zalıTəqdimat

Gənc yazarımız ingilis dilində kitab yazdı

12 sentyabr 2017-ci il tarixində “Art Tower” qalereyasında istedadlı gənc Əli Damırzadənin, “Qırmızı xatirələr” adlı kitabının təqdimatı keçirildi.

Təqdimatın rəsmi hissəsində gənc yazarın atası, dostları söz alaraq Əliyə öz ürək sözlərini bildirib ona yeni-yeni yaradıcılıq uğurları arzu etdilər.

Qeyd edək ki, bu Əlinin ikinci kitabıdır. Bu kitab birinci kitabdan (“Həyatın tarixi”) fərqli olaraq ingilis dilində yazılmışdır (ilk kitabı rus dilində yazılmışdır). İlk kitabda olduğu kimi, ikinci əsərdə də hadisələr XX əsrin əvvəllərində, Azərbaycan üçün olduqca mürəkkəb bir dövrdə baş verir. “Qırmızı Xatirələr” adlı bu tarixi və romantik əsər “Azad” adlı bir azərbaycanlı gəncin sevgisi və çətin taleyi haqqında bəhs edir. Kitabda ki hadisələr əsasən 1921-ci ildə baş verir. Əsərin baş qəhrəmanı 1918-ci ilin Mart Hadisələrində, 16 yaşında valideynlərini faciəvi şəkildə itirir. Yeni insanlarla tanışlığı və qeyri-adi həyat tərzi sürən Tutu adlı bir qızla ilk sevgisi, onun dünya görüşünə və gələcək taleyinə böyük təsir göstərir. Kitabın süjeti olduqca dramatikdir və birinci şəxsdən rəvayət olunur. Müəllif ilk kitabını 13 yaşında yazmağa başlamış və orta məktəbi bitirərkən kitabini da tamamlamışdır. Xarici dillərdə yazılmış və əsasən xarici auditoriya üçün nəzərdə tutulmuş hər iki kitabın məzmunun da Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi əks olunmuşdur.

Əli özü də eyni zamanda tədbirə toplaşan qonaqlara onu bu xoş günündə yalnız qoymayıb gəldiklərinə, məclisə şərəf verdiklərinə görə təşəkkür edib, ən böyük arzusunun bu kitabın tezliklə Amerikada nəşr olunması olduğunu vurğulayıb.

Frame.az  kollektivi adından gənc yazarımızı bu uğuru münasibəti ilə təbrik edir, ona yeni nailiyyətlər arzu edirik.

Ülviyyə Ədalətqızı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!