Mədəniyyət

Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub

Ədəbiyyatsevərlərə və Mir Cəlal irsinin pərəstişkarlarına xoş xəbər var. Bu ildən etibarən İçərişəhərdəki Kiçik Qala küçəsində gəzərkən şəhərimizin sakinləri yeni lövhə görəcəklər – “Ədibin evi”. Bu ev görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə yaşadığı evdir. Bu ev onun ailəsi tərəfindən təmir edilərək ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi mədəniyyətsevərlərin istifadəsinə verilib.

Mir Cəlal Paşayev onu yazıçı kimi məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini məhz bu evin birinci mərtəbəsində, ailəsi ilə yaşadığı iki kiçik otaqda yazıb. Həyat yoldaşı Püstə xanımla burada ailə qurub, ilk övladları bu evdə dünyaya göz açıb. Ədibin 1967-ci ildə yazdığı “Bakı görüşləri” adlı xatirə məqaləsində bu evdə yaşadığı illər, həmin dövrdəki Bakının yaradıcı ab-havası, yazıçının müasirləri ilə görüşləri, fikir mübadilələri təsvir edilib.

Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev “Ədibin evi”nə toplaşanları salamlayaraq bu məkanın ailəsi üçün əziz olduğunu, burada Mir Cəlal ruhunun yaşadığını dedi. Bildirdi ki, “Ədibin evi”nin yaradılmasında məqsəd bu yeri ədəbiyyat, mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal irsini davam etdirməkdir. “Ədibin evi” şəhərimizin ən maraqlı və tarixi guşələrindən birində – İçərişəhərdə yerləşir. “Biz də ADA Universiteti olaraq, məhz bu məkanın orijinallığı və onun unikallığından istifadə edib bu ildən etibarən Bakıda yaşayan əcnəbilər üçün “Azərbaycan mədəniyyəti” və “Azərbaycan dili” kursları təşkil etməyə başlayırıq”, – deyən Hafiz Paşayev “Ədibin evi”nin bu tədbir ilə qapılarını yenidən ədəbiyyatsevərlərin, geniş ictimaiyyətin üzünə açdığını dedi.

Görüşdə “Ədibin evi” ilə bağlı maraqlı xatirələrin çox olduğu diqqətə çatdırıldı. Bildirildi ki, onların bir qismini ADA Universiteti toplayaraq Azərbaycan Televiziyası ilə birgə istehsal etdiyi filmdə əks etdirib. Filmdə bu evin tarixçəsindən, Mir Cəlal ömrünün bəzi maraqlı anlarından söhbət açılır.

Mir Cəlal Paşayev yazırdı: “Bakıda mühəndis evi, həkim evi, yazıçı evi olduğu kimi, müəllim evi də yaradılmalıdır”. Müəllim adını belə uca tutan Mir Cəlal üçün onun tələbələri, universiteti, kafedrası, şübhəsiz ki, çox əziz olub.

Tədbirdə iştirak edən Mir Cəlalın yetirməsi, ədəbiyyatşünas-alim Təhsin Mütəllimov ədiblə bağlı xatirələrini bölüşdü, Mir Cəlal Paşayevin sözlərini xatırladı. Bildirdi ki, Mir Cəlal müəllim “yazar insan üçün ev şərt deyil. Ən gözəl əsərlərimi İçərişəhərdəki kiçik mənzildə yazmışam” sözlərini deyərdi. Təhsin Mütəllimov ədibin zəhmətkeşliyindən, 50 illik müəllimlik fədakarlığından danışdı.

Mir Cəlalın tələbələrinə böyük inamı və dəstəyini onun tələbəsi, Xalq Şairi Nəriman Həsənzadə də qeyd etdi. Ədibin ailəsi ilə tez-tez görüşdüyünü deyən Nəriman Həsənzadə bu ailənin qonaqpərvərliyindən, yüksək mədəni keyfiyyətlərindən söz açdı.

Mir Cəlalın tələbələrindən biri olan şərqşünas-alim Vasim Məmmədəliyev onun böyük şəxsiyyət olduğunu bildirdi, tələbələrlə davranışını, zarafatlarını, mənalı ironiya dolu sözlərini xatırladı.

Mir Cəlalın əsərlərinin səhnə həyatı barədə danışan Əməkdar İncəsənət Xadimi, teatrşünas İlham Rəhimli orta məktəbdə ən çox sevdiyi əsərin ədibin müəllifi olduğu “Bir gəncin manifesti” romanı olduğunu dedi. Qeyd etdi ki, Mir Cəlal “Mirzə Xəyal” adlı pyes də yazıb. Həmin pyes 1943-cü ildə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Tamaşa üçün musiqini isə görkəmli bəstəkar Qara Qarayev bəstələyib. Bu və ədibin digər əsərlərinin yenidən tərtibatı və təqdimatı Mir Cəlalın qarşıdan gələn 110 illik yubileyi üçün töhfə ola bilər.

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığının incisi hesab edilən “Füzuli sənətkarlığı” elmi əsərini də bu evdə yazıb. Bu barədə danışan Bakı Musiqi Akademiyasının Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tərlan Quliyev bildirdi ki, bu əsər həm Mir Cəlalın böyük elmi nailiyyəti, həm də Füzuli dünyasına, klassik Azərbaycan ədəbiyyatına açılan bir pəncərədir. Mir Cəlalla İçərişəhərdə eyni küçədə yaşayan Hüseyn Cavid bəzən yazıdan, yaradıcılıq işlərindən yorulanda Mir Cəlal müəllimin evində qonaq olardı. Onlara gəldiyi zaman Hüseyn Cavid həmişə ədibin yazı masasına da diqqət yetirməyi unutmazdı.

“Ədibin evi”ndə keçirilən görüşdə Əməkdar İncəsənət Xadimi Aqil Məlikovun ifasında muğam səsləndi.

Ailə üzvləri adından görüşə gələnlərə minnətdarlığını bildirən ədibin böyük oğlu, akademik Arif Paşayev belə görüşlərin ənənə halını almasını arzuladı.

ADA Universiteti 11 illik fəaliyyəti dövründə bir neçə nəşr dərc edib. Onların əksəriyyəti akademik nəşrlərdir. Amma bu dəfə universitet ilk dəfə olaraq ədəbiyyata müraciət edərək Mir Cəlalın əsərlərinin toplandığı kitabı ingilis dilində nəşr edib. Kitabda görkəmli yazıçı, alim və sevimli pedaqoq Mir Cəlalin qısa hekayələrinə müraciət olunur. Əslində, ADA Universiteti kitabı ikinci dəfə nəşr edir. İlk dəfə bu toplum 1998-ci ildə ABŞ-da Mir Cəlal müəllimin 90 illik yubileyi ərəfəsində nəşr edilmişdi. Oxucular kitabı bu gündən etibarən “Akademiya-Kitab” Mərkəzində əldə edə bilərlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!