Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq

2018-ci ilin may ayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq yazılan “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.
Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.

Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur. Musiqinin bütün janrlarının yer aldığı bir saat 40 dəqiqəlik əsər musiqisevərlər tərəfindən böyük maraqla qarşılanacaq.

Qeyd edək ki, Azərbaycan musiqisində yenilik olan əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dəfələrlə nüfuzlu vokal müsabiqələrinin qalibi, dramatik tenor Rizvan Sədirxanov İtaliyada Musiqi akademiyasında təhsil alıb. Akademiyanı bitirdikdən sonra müxtəlif ölkələrdən olan məzunlar arasından seçilərək İtaliyada Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb. O, mötəbər müsabiqədə ən yaxşı iştirakçı kimi qəbul olunur və xüsusi mükafata layiq görülür. Rizvan Sədirxanova mükafatı XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korelli şəxsən təqdim edib. Rizvan Sədirxanovun yaradıcılıq fəaliyyəti illərində, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin inciləri, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, iri miqyaslı digər musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Müxtəlif illərdə Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli və başqa görkəmli müğənnilərlə eyni səhnədə çıxış edib. Rizvan Sədirxanovun Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: