EventsMədəniyyətTəqdimat

ICOM Azərbaycan Milli Komitəsi beynəlxalq forum və regional seminarda təmsil olunub

Azərbaycan Xalça Muzeyi 1-4 iyul 2018-ci il tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən “Cəmiyyətin davamlı inkişafı üçün muzeylər” mövzusunda beynəlxalq forum və regional seminarda təmsil olunub.

Tədbir ICOM Gürcüstan Milli Komitəsi, ICOM Avropa Alyansı, Gürcüstan Muzeylər Assosiasiyasının təşkilatçılığı, ICOM Azərbaycan Milli Komitəsi, Gürcüstan Mədəniyyət və İdman Nazirliyi, Gürcüstan Mədəni İrsin Qorunması üzrə Milli Agentlik, Gürcüstan Milli Muzeyi və ICOM Ermənistan Milli Komitəsinin dəstəyi ilə “2018 – Avropa mədəni irs ili” çərçivəsində keçirlib.

Forumda ICOM-un prezidenti Dr Suay Aksoy, ICOM Avropa Alyansının prezidenti Prof. Dr Luis Raposo, Avropa Muzeylər Təşkilatları Şəbəkəsinin (NEMO) baş katibi Julia Pagel, Muzey marketingi üzrə ekspert, ICOM İanə Fondunun icraçı direktoru (ICOM Endowment Fund) Byorn Stenvers, Beynəlxalq mədəni siyasət və yaradıcı sənaye üzrə ekspert, “Creativity Lab” təşkilatının idarə heyətinin üzvü Ragnar Siil, Gürcüstan Milli Muzeyinin baş direktoru professor David Lordkipanizde, ICOM Gürcüstan Milli Komitəsinin sədri professor İnqa Karaia, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər iştirakçılar çıxış ediblər.

Şirin Məlikova forumda “Muzey sahəsi: inkişafın dinamikası” (Museum Sphere: Dynamics of Development) adlı məruzə ilə çıxış edib. Xalça Muzeyinin direktoru öz çıxışında ölkəmizin aparıcı iri muzeylərinin, o cümlədən, Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi,  “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyəti və həyata keçirdiyi yeni layihələr, ictimaiyyətin həyatında muzeylərin rolundan bəhs edib. Şirin Məlikova müasir dövrümüzdə muzeylərin cəmmiyyətdə oynadığı roldan danışıb. Xalça Muzeyinin fəaliyyətinə diqqət çəkən muzeyin direktoru bu mədəniyyət ocağının tarixindən, fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb.

Şirin Məlikova bu il “18 may – Beynəlxalq Muzeylər günü” münasibətilə ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə hazırlanan və ölkə muzeyləri tərəfindən keçirilən tədbirlərdən bəhs edən video-çarxı da nümayiş etdirib.

Qeyd edək ki, 3-4 iyul tarixlərində forum çərçivəsində təşkil olunmuş seminarda Azərbaycan Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunun gənc əməkdaşları da iştirak ediblər.

 Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!