EventsTəqdimat

İCOM Azərbaycan Milli Komitəsi: səmərəli və maraqlı il

2018-ci ili İCOM Azərbaycan Milli Komitəsi böyük uğurlarla başa vurdu.
Yola saldığımız ildə komitə üçü beynəlxalq olmaqla dörd irihəcmli tədbir keçirdi.

Bu tədbirlərdən biri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunmuş Novruz şənliyi oldu. Sözügedən layihə Azərbaycan Xalça Muzeyi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.Tədbir zamanı muzey və qoruğun  qadın əməkdaşları tərəfindən şəkərburanın hazırlanması üzrə ustad dərsləri keçirildi.

2018-ci ildə İCOM Azərbaycan Milli Komitəsi 18 may – Beynəlxalq Muzeylər Günü ilə bağlı bir sıra tədbirlər keçirmişdir. Muzeylər Gününün builki devizi “Muzeylər hiperkommunikasiya dövründə: yeni yanaşmalar, yeni auditoriyalar” idi.

Bununla bağlı Azərbaycan Xalça Muzeyində “Öz ilməni toxu” adlı uzunmüddətli interaktiv installyasiya işə salınmışdır. Muzeyin foyesində üç ədəd böyük ölçülü çərçivə-dəzgah quraşdırılmış və muzeyə gələn hər bir tamaşaçı öz zövqünə görə ip seçərək xovsuz “zili” xalçasının toxunma prosesində iştirak etmək şansı əldə etmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “İçərişəhərin açarları” adlı interaktiv kvest, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala sakinin evində bir gün” adlı layihə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə “Muzeydə rəqslər” tədbiri keçirilmişdir. Azərbaycan Milli İncəsənət Muzeyində ölkəmizin nonkonformist rəssamları Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin işlərindən ibarət “Andeqraund. Yeni həyat” sərgisi təşkil olunmuşdur. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi keçirilmişdir.

10-12 oktyabr 2018-ci il tarixlərində  Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST), Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə baş tutmuşdur.

Konfransa Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan və Türkiyədən olan nümayəndələr qatılmışdır. Azərbaycana ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay Aksoy tədbirin fəxri qonağı idi. Konfrans zamanı 23 yerli və xarici iştirakçının məruzələri dinlənilmişdir. Dinləyicilərə  Azərbaycan evlərinin klassik interyer dizaynı, tekstilin interyerdə rolu, dekorativ sənət muzeylərinin müasir dünyada əhəmiyyəti haqqında materiallar təqdim olunmuşdur.

Tədbir zamanı “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” kitabının təqdimatı keçirilmişdir. Bu kitab YUNESCO-nun “Üzv Dövlətlərin 2016-2017-c i illər üzrə İştirak Proqramı” çərçivəsində nəşr olunmuşdur. Kitabın müəllifi Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.

Konfransdan sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay AksoyAzərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya təşəkkür məktubu göndərərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir. Bunun da Bakının mühüm tədbirlərin keçirilməsi üçün potensial məkan olduğuna əsas verdiyini vurğulamışdır.

26-30 noyabr tarixlərində ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunmuşdur.

Ustad dərslərdə tekstil kolleksiyalarını mühafizə edən muzey əməkdaşları, tekstil üzrə bərpaçı və konservatorlar, həmçinin müvafiq peşə üzrə təhsil alan tələbələr və bu sahənin digər mütəxəssisləri iştirak etmişlər.Ustad dərslərinin keçirilməsi məqsədi ilə Doha (Qətər) şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunmuşdur. Ustad dərslərin proqramı “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə və praktiki dərslərdən ibarət idi.

Öz növbəsində, 2018-ci il ərzində İCOM Azərbaycan Milli Komitəsinin 12 üzvü Kəlküttə, Moskva, Frankfurt-Mayn, Paris, Tbilisi, Riqa, Yurmala, Fucou şəhərlərində keçirilən müxtəlif tədbirlərdə iştirak etdilər.
Ən nəhayət, 2018-ci ildə Milli Komitə üzvlərinin sayı 30% artaraq 109-dan 141-ə çatmışdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!