CinemaEventsFestivallarTəqdimat

II ANİMAFİLM – Bakı Beynəlxalq Animasiya Festivalı mətbuat konfransı keçirilib

İkinci “Animafilm” Beynəlxalq Animasiya Festivalı Azərbaycan animasiyasının 50 illiyinə həsr olunub. Burada uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.

Frame.az xəbər verir ki, bu sözləri tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Axundov 2-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalından öncə təşkil olunan mətbuat konfransında deyib.

“İkinci “Animafilm”in mövzusu Çexiya animasiyasıdır. Bunun üçün də festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunacaq. Üç günlük festivalda müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunacaq. Vorkşopları fransız və yunanıstanlı animatorlar aparacaqlar. Festival zamanı yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”, -deyə E.Axundov əlavə edib.

Rejissor, festivalın münsiflər heyətinin rəhbəri Məsud Pənahi bildirib ki, builki festivalda artıq uşaqlardan ibarət münsiflər heyəti yaradılıb. Beş uşaq münsifi “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini müəyyən edəcəklər. Qeyd edib ki, festivalın şüarı “Ənənə və inkişafa yeni baxış” adlanır. Festivala 50 müxtəlif ölkədən 250-dən çox müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.

Bildirilib ki, seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 20-də 2-ci “Animafilm” festivalının bağlanış mərasimdə elan olunacaq. Komissiyanın qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsində yarışacaq.

Qeyd edək ki, oktyabrın 18-20-də keçiriləcək 2-ci “Animafilm” Beynəlxalq Animasiya festivalının təsisçisi Rəşid Ağamalıyevdir. Animasiya filmləri üzrə seçim komissiyasına Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo (İtaliya) daxildir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!