Baku 2017Idman

İlham Əliyev qalib idmançılara medalları təqdim edib-fotolar

Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları başlayıb. Azərbaycan idmançıları yarışlarda 6 qızıl və 4 gümüş medal qazanıblar.

Frame.az xəbər verir ki, prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.

Cüdo yarışlarının ilk günündə fərdi mübarizədə kişilər arasında 60, 66, 73 kiloqram, qadınların yarışında isə 48, 52, 57, 63 kiloqram, eləcə də paracüdoçu qadınlar arasında 57, 70 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar.

Əvvəlcə 48 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Erdenebat Bazarraqça ölkəmizə ilk qızıl medalı qazandırıb. Onun finaldakı rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb. Bu çəkidə üçüncü pilləni Mərakeş idmançısı Vəfa İdrissi Şorfi tutub.

Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Afaq Sultanova Azərbaycanın digər təmsilçisi Sevda Vəliyevanı ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Altmış kiloqram çəki dərəcəsində kişilərin yarışında Azərbaycanı təmsil edən Orxan Səfərov da ümidləri doğruldub. Finalda türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edən cüdoçumuz qızıl medal qazanıb.

Kişi idmançıların mübarizəsində 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gəlib və IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Cüdo yarışlarında ölkəmizə daha bir qızıl medalı qadın paracüdoçumuz Ramilə Kaştayeva (70 kq) qazandırıb. O, finalda digər idmançımız Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. Rüstəm Orucova qalib gələn Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün birinci pilləsinə qalxıb.

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.

Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Cüdo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı gümüş medalla kifayətlənməli olub.

Qadınların mübarizəsində Nəzakət Əzizova (52 kq) finaladək inamla irəliləsə də, həlledici qarşılaşmada Türkiyə təmsilçisi İrem Korkmaza məğlub olaraq İslamiadanı ikinci pillədə başa vurub.

Kifayət Qasımova (57 kq) isə final görüşündə Əlcəzair idmançısı Ratiba Tariketə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoqluya məğlub olaraq yarışı ikinci pillədə tamamlayıb.

Dördüncü gümüş medalı isə komandamızın aktivinə 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı yazdırıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!