EventsMədəniyyətQalereyaŞəkillərSərgiTəqdimat

İlin ilk sərgisi qrafika ustalarını bir araya gətirdi

Respublika müsabiqəsi milli qrafika sənətinin və kitab-nəşr işinin inkişafı baxımından əhəmiyyət kəsb edir

Yanvarın 8-də paytaxtdakı Xətai Sənət Mərkəzində “Qrafika 2019” adlı sərginin açılışı keçirildi. Sərgi ötən il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün” adlı rəsm müsabiqəsinin yekunlarına həsr olunmuşdu.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) və Xətai SM-in birgə layihəsi ilə təşkil edilən respublika müsabiqəsi uzun illərdən sonra qrafika sahəsinə verilən dəyər baxımından böyük önəm daşıyır.

Tədbiri giriş sözüylə nazirliyin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq müsabiqənin məqsədi haqqında bilgi verdi. Bildirdi ki, müsabiqə çağdaş Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət sahəsinə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə ardıcıl müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə keçirilir. O, müsabiqə çərçivəsində nəşriyyat işçiləri ilə görüşün keçirilməsinin əhəmiyyətini də vurğuladı. Bildirdi ki, belə bir görüş həm də kitab qrafikası və dizaynı sahəsində çalışan gənc və istedadlı rəssamlarla tanış olmaq, naşirlərin və dizaynerlərin günlük iş həyatlarında rastlaşdıqları məsələləri müzakirə etmək üçün önəmlidir.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq rəssamı Arif Hüseynov bu yarışmanın ölkəmizdə qrafika sənətinin inkişafına güclü təkan verəcəyini qeyd etdi. Vurğuladı ki, müsabiqəyə 380-dən çox qrafika və qrafika yönlü əsərlər təqdim olunub, 76 əsər münsiflər heyəti tərəfindən seçilərək yekun sərgidə iştirak etmək hüququ qazanıb.

ARİ-nin sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov sərginin önəmini yüksək dəyərləndirdi. O, sərgi davam etdiyi müddətdə müxtəlif tədbirlərin, o cümlədən qrafika ustaları, gənc qrafiklərlə görüşlərin nəzərdə tutulduğunu bildirdi, bütün bunların qrafika sənətinə münasibətin yaxşılığa doğru dəyişəcəyini qeyd etdi.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də bu müsabiqənin respublikamızda təsviri sənətin inkişafına töhfələr verəcəyini söylədi. O, sərgidə klassik və gənc qrafiklərin əsərlərinin yer aldığını, Azərbaycan qrafika sənətinin özəyinin bu sərgidə təmsil olunduğunu nəzərə çatdırdı.

ARİ-nin Qrafika bölməsinin rəhbəri Həmzə Abdullayev sərgidən razı qaldığını, dəyərli işlərin nümayiş etdirildiyini, bu yarışmanın ardıcıl keçirilməsinin gərəkliyini bildirdi.

Xətai SM-in direktoru Zahid Əvəzov belə bir səviyyəli müsabiqəyə ev sahibliyi etməkdən qürur hissi keçirdiklərini ifadə etdi, gələn yarışmalarda bütün rəssamları fəal olmağa çağırdı.

Sonra müsabiqənin qalibləri mükafatlandırıldı.

Münsiflər heyətinin qərarına əsasən, Əbülfəz Fərəcoğlu birinci yerə, Fəxrəddin Qəhrəmanlı ikinci, Mais Əliyev isə üçüncü yerə layiq görüldülər.

Nərgiz Abdullayeva, Vəfa Allahyarova, Rafael Əlizadə, Niyaməddin Qocayev, Daniela Perera və Xatirə Həsənzadəyə həvəsləndirici mükafatlar təqdim edildi.

Qeyd edək ki, əsərləri sərgiyə seçilmiş bütün iştirakçılara diplomlar veriləcək. Sərginin kataloqunun çapı da nəzərdə tutulub. Xətai Sənət Mərkəzində əsərlərin nümayişi yanvarın 18-də başa çatacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!