“İnitiatives” populyar fransız caz triosunun konserti olub

Oktyabrın 20-də “Rotunda Jazz Club”da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun dəstəyi ilə “İnitiatives” populyar fransız caz triosunun konserti olub.

Frame.az xəbər verir ki, konsertdən əvvəl qrup üzvlərinin və təşkilatçıların jurnalistlərlə görüşü keçirilib.

Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Bakı Caz Festivalını yüksək qiymətləndirərək deyib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə müsbət təsir göstərir. “Fransa və Azərbaycan bir çox sahələrdə, xüsusən mədəniyyət və incəsənət sferasında əməkdaşlıq edirlər. Bugünkü tədbir əməkdaşlığın bariz nümunəsidir. Musiqiçilərimiz hər il bu tədbirə gələrək öz məharətlərini göstərirlər. Bizlərə sevinc hissləri yaşadan bu musiqi bayramına görə festivalın təşkilatçılarına təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, azərbaycanlı musiqiçilər də Fransaya gəlir və böyük uğurla çıxış edirlər”, – deyə səfir əlavə edib.

“İnitiatives” qrupunun lideri, pianoçu Jan-Kristof Şole diqqətə çatdırıb ki, onunla bərabər trionun tərkibinə Gildas Bokle (kontrabas) və Simon Berni (zərb alətləri) daxildirlər. “Bu, Bakıya ilk gəlişimizdir. Paytaxtınıza valeh oldum. Çox qonaqpərvər və gözəl şəhərdir, romantik ab-havası ilə mənə Parisi xatırladır. Bu cür möhtəşəm festivalda iştirak etmək bizim üçün şərəfdir. Hər şey yüksək səviyyədə təşkil olunub. Xüsusən bakılı tamaşaçıların cazı qiymətləndirməsi və bu janrı duyması sevindiricidir. Əminəm ki, bizim çıxışımız da dinləyicilərin xoşuna gələcək”, – deyə musiqiçi sözlərinə yekun vurub.

Bakı Beynəlxalq Caz Festivalının təşkilatçısı Leyla Əfəndiyeva diqqətə çatdırıb ki, gələcəkdə fransız caz ifaçıları ilə bir çox birgə layihələr nəzərdə tutulur. O, Fransa səfirliyinə festivalın keçirilməsində göstərdiyi köməyə görə təşəkkürünü bildirib. L.Əfəndiyeva qeyd edib ki, Bakıda fransız musiqisini çox sevirlər, məhz ona görə hər il Fransadan çoxlu istedadlı cazmenlər dəvət olunur.

Sonra “İnitiatives” triosunun konserti olub. Musiqiçilər melodik kompozisiyaları və improvizələri ilə tamaşaçıları sevindiriblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: