“İnnovasiya Festivalı”nın yekunu ilə bağlı mətbuat konfransı keçirilib

Mayın 29-dan iyunun 4-dək Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransı keçirilib.

Frame.az xəbər verir ki, mətbuat konfransında “İnnovasiya Festivalı”nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə keçirildiyi barədə məlumat verilib.

Bildirilib ki, “İnnoFest” çərçivəsində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu təşkil edilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə bərabər, xarici mütəxəssislər də iştirak ediblər. Bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir.

Mayın 29-dan 30-dək “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “İKT innovasiyalar və startap ekosistemi” (“ICT innovation and startup ecosystems”) istiqaməti üzrə növbəti seminar təşkil olunub.

Mayın 31-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst & Young” şirkətinin təşkilatçılığı ilə əsas məqsədi Avropa İttifaqının vahid rəqəmsal bazar üzrə faydalarını “Şərq Tərəfdaşlığı” ölkələrinə çatdırmaq olan “EU4 Digital proqramı”nın təqdimatı keçirilib.

Mayın 30-dan iyunun 1-dək “fintech” və bank sənayesinin ən mühüm liderlərini bir araya gətirən “Monex Summit” keçirilib. Sammit Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və “FA İnternational Trade Events” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

İyunun 1-dən 3-dək ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu təşkil edilib. Bu tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib.

İyunun 1–dən 2-dək Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub.

“İnnoFest Village” çərçivəsində iyunun 1-də “Baku Open Cyber Cup” kiber idman turniri keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Birinci yerə Orxan Yusifli layiq görülüb, ikinciliyi Vüsal Vəliyev, üçüncülüyü Turqut Məmmədli əldə edib.

İyunun 2-də “İnnoFest Village”də “TechFest” sərgisi təşkil edilib. Sözügedən sərgi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Mars Academy” tərəfindən Bakıda ilk dəfə keçirilib. Sərgi çərçivəsində layihə müəllifləri təqdimatla çıxış ediblər. Birinci yerə “Additional Electric Supply for Electric Cars”, II yerə “Invisible Energy”, III yerə isə “Click Energy” layihələri layiq görülüb.

Eyni gündə “İdeyadan Biznesə – İ2B Junior” layihəsinin təqdimatı keçirilib.

Həmçinin “İdeyadan Biznesə” layihəsinin Bakı finalının qalibləri müəyyənləşib. Qaliblər Bakı Dövlət Universitetinin “Nanodesal”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Healwit”, Azərbaycan Texniki Universitetinin “Agroshare” komandaları olub. Hər üç layihə avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb.

Bundan əlavə, Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arasında 25 şagird öz gücünü 3 fərqli kateqoriyada sınayıblar. “Drone Race” üzrə 1-ci yerə Eldar Mustafayev, 2-ci yerə Emil Abbasov, 3-cü yerə Ömər Hacıhəsənli layiq görülüb. “Drone Football” kateqoriyasında Saleh Quluzadə və Ömər Hacıhəsənli 1-ci, Polad İsmayıllı və Nərmin Məmmədova 2-ci, Eldar Mustafayev və Cavanşir Hacıhəsənli 3-cü olublar. “Drone Challenge” kateqoriyasında isə Eldar Mustafayev qələbə qazanıb. Ömər Hacıhəsənli və Əli Məmmədquliyev müvafiq olaraq 2-ci və 3-cü yerə çıxıblar. Qaliblər Azərbaycanda ilk dron pilot uçuş vəsiqələrini əldə ediblər.

İyunun 3-də “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil olunub. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alıb.

İyunun 4-də III Robot Olimpiadası ilə “İnnovasiyalar Festivalı”na yekun vurulub. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilib.

Qeyd edək ki, “İnnoFest” çərçivəsində təşkil edilmiş Beynəlxalq “Lightest” Forumuna, “İKT innovasiyalar və startap ekosistemi”seminarına, “EU4 Digital proqramı”nın təqdimatına, “Monex Summit”ə, Gənclər İnternet İdarəçilik Forumuna, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumuna və III Robot Olimpiadasına ümumilikdə 1500 nəfərdən çox iştirakçı qatılıb, onlardan 158 nəfərini xarici qonaq təşkil edib.

“İnnoFest Village”i isə 1800-dən çox yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: