“İrəvan mətbəxi gününün keçirilməsi” layihəsi baş tutub

5 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant dəstəyi ilə “Xanədan”- etno restoranında (Bakı şəhəri, Ziya Bünyadov 43) “İrəvan mətbəxi gününün keçirilməsi” layihəsi baş tutdu. Tədbirə əsas təşkilati dəstəyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi vermişdir.
Tədbir saat 19:00-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov tərəfindən açıq elan olundu. Tədbirdə məruzəçi Tahir Əmiraslanov Azərbaycan mətbəxi və onun bir parçası olan İrəvan mətbəxi ilə bağlı fikirlərini söylədi:
“İrəvan, Göyçə, Zəngəzur… Bu adlar necə də doğma gəlir hər birimizə. İllər keçsə də el-obalarımız zorla didərgin salınıb bu yurd yuvalarımızdan köçsə də, tariximizi nə qədər bizə unutdurmağa çalışsalar da, Vətən hissi, Vətən həsrəti, bütöv Azərbaycan duyğusu min il də keçsə xalqımızın genetik yaddaşından silinməyəcək.
Biz İrəvan xanlığı bölgə mətbəxini digər bölgə mətbəxlərimizlə – Təbriz, Naxçıvan, Gəncə, Qarabağ, Şamaxı, Şəki, Ərdəbil və s. müqayisə etsək, görərik ki, İrəvan bölgə mətbəximiz digər bölgə mətbəxlərimizlə eyni ahəngdədir. Xörəklər, yeməklər, ərzaq adları, hazırlanma texnologiyaları, mətbəx ləvazimatları və alətləri, süfrələri, mətbəx folkloru, mətbəx, yemək adətləri, bayram mətbəxləri, ocaqları və s. ilə digər bölgə mətbəxlərimizdən çox da seçilmir. Öz mahiyyətinə və düşüncə tərzinə görə saz daha çox sevilən regionlarımızın mətbəxinə yaxındır. Mübaliğə etsək, İrəvan bölgə mətbəxi saz, aşıq mətbəxidir-deyə bilərik. Bu bölgəmizdə də müxtəlif təndir növlərinin, sacın, şişin aparıcı rolu daha qabarıq özünü ifadə edir. İrəvan mətbəxinin əsasında islam, müsəlman düşüncə tərzinin olduğu tam görünür. İrəvan mətbəxini Sultan Muradın aşpazı Mahmud Şirvaninin (XV əsr), Şah İsmayıl Xətainin aşpazı Bavərçinin (1521-ci il), Şah Abbasın aşpazı Usta Nurullahın (1590-cı il), Təbrizin valisi Nadir Mirzə Qacarın (XIX əsr). aşpazlıq risalələri və bu günkü mənbələrlə müqayisə etdikdə də biz İrəvan Xanlığı bölgə mətbəxinin ÜmumAzərbaycan milli mətbəxinin ayrılmaz tərkib hissəsi olduğunu görürük.”
Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanova verildi. Tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin məsul işçisi Səkinə Əsgərovaçıxış etdi. Millət vəkili Ülviyyə Ağayeva, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının və başqa qonaqların çıxışı ilə davam etdirildi. Aşıqlar birliyindən Aşıq Altay “İrəvan çuxuru”, “Göyçə gölü”, “İrəvan mətbəx gülü” havalarını ifa etdi.
Peşəkar aşpazlar tərəfindən hazırlanmış, respondentlərdən toplanmış İrəvan mətbəxinə aid 25 çeşid xörək nüsxəsi (isti və soyuq qəlyanaltılar, I və II xörəklər):
1. Pörtləmə tərəvəz məzəsi
2. Payız məzəsi
3. Yer alması məzəsi
4. “Zəngi” balıq məzəsi
5. Şüyüdlü yaşıl paxla küküsü
6. İspanaqlı balıq küküsü
7. Qovurmali düyü şorbası
8. Qovurmalı mərci şorbası
9. Qovurmalı, əvəlikli əriştə şorbası (aşı)
10. Xan balığının üzüm yarpağına bükülməsi (xırda tikə şəklində)
11. İçi tərəvəzlə doldurulmuş xan balığı (Göyçə gölü balığı)
12. Sırf balığının (buxarda) suda tərəvəzlə bişirilməsi
13. Qora forel balığı müsəmməsi
14. Quzu əti ilə badımcan müsəmməsi
15. Quzu ətinin qiyməsindən mütəncəm
16. Dana ətindən şam közləməsi
17. İspanaqlı can əti qızartması
18. Qovurmalı, əvəlikli, paxlalı çəkmə aşı
19. Qovurmalı, ələyəzli xan aşı
20. Qovurmalı buğda aşı
21. Qatıq aşı
22. Toyuq xörəyi
23. Toyuq bozartması
24. Toyuq döyməsi
25. Toyuqla boranı müsəmməsi
Əlavə olaraq, İrəvan kətəsi, paxlava, mütəkkə şirniyyatları, limon, tərxun, reyhan, nar şərbəti hazırlanaraq, tədbir iştirakçılarına təqdim olundu.
Tədbir “Gənc Heydərçilər” Cəmiyyətinin sədr müavini Sarabəyim Sadıqzadə, Xidməti İş Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə, “Prant” şirkətinin prezidenti Yusif Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universiteti “Qida Məhsulları Texnologiyası kafedrasının” dosenti Nüsrət Qurbanov, AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi və Dissertasiya Şurasının elmi katibi Dilquşə Mirzəyeva, “Azzəfəran” və “MikTea” şirkətinin prezidenti Mikayıl Hüseynov, həkim-kardioloq, xalq təbabəti mütəxəssisi Seyfəddin Əsəd, Əməkdar jurnalist Rəhman Orxan, əməkdar mədəniyyət işçisi, usta-aşpaz Oruc Əliyevin İrəvan mətbəx mədəniyyəti haqqında olan çıxışları ilə davam etdi.
Tədbirin gedişatında usta-aşpaz Oruc Əliyevə, Gülnar Ələsgərovaya, Ziya Şahbazova, Xanədan restoranının işçilərinə və təşkilatçılara tədbirin təşkilində fəal iştiraklarına görə diplomlar təqdim olundu.
Tədbirdə yerli KİV-lər, səfirlər, millət vəkilləri, sahibkarlar, aşpazlar, assimilyasiyaya məruz qalmış İrəvan bölgə mətbəxi nümunələrinin toplanmasında birbaşa və dolayı yolla iştirak etmiş respondentlər və s. iştirak etdilər.
Ümumilikdə, isə 150 nəfər dəvətlinin iştirak etdiyi tədbir saat 21:00-dək davam etdi.
Tədbirdə ” Astara düyü” şirkətinin yerli ağ və qara Astara düyülərindən, ” Qoç ət” firmasının halal və keyfiyyətli qoyun ətindən, ” A&A” FOOD qrupun mal ətindən, “Nəbi oğlu” şirkətinin təmiz, ərinmiş kərə yağından, “İlğım” şirkətinin ədviyyalarından, “Miktea” şirkətinin təqdim etdiyi yerli Bilgə zəfəranlarından istifadə edildi.İrəvan mətbəxi axşamını həmçinin ” Top Tur” turizm şirkəti, “İnci” şirkətinin “Ofisait” və ” Onal” markaları, “Prant” şirkəti dəstəklədilər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: