İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Frame.az-a bildiriblər ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə olunmuş mülki şəxslər Cenevrə konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil edib.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq Birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

“Eyni zamanda, erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan Respublikası “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “www.human.gov.az” rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 “qaynar xətt” nömrələri fəaliyyət göstərir”, – deyə Dövlət Komissiyasının məlumatında qeyd olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: