Baku 2017Ən Son

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bugün Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasimi baş tutdu.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq görülüb. Bakının 17 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyimizin 70-dək əməkdaşı cəlb olunub.

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilir. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.

Prezident İlham Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərilir.

Suları toplayan 16 uşaq – Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev (Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə), Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova (Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı (Sumqayıt) səhnəyə çıxırlar.

Mərasimdə suları toplayan 16 uşaq – Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev (Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə), Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova (Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı (Sumqayıt) səhnəyə çıxırlar.

Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaldırlar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başlayır.

Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatır.

Və bununla da atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.

Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi – Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını hərarətlə salamlayırlar.

Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başlayır. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirirlər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya Oyunlarının çempionları – Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var.

Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırırlar. Bayraqlar yan-yana dalğalanmağa başlayır.

İdmançılar və hakimlər adından Oyunların qərəzsiz, ədalətlə keçirilməsi üçün taekvandoçu, “Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanov and içirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edir.

Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurur.

Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatır. Tamaşaçı bu hekayənin başladığı məkana – sakit Filarmoniya bağına qayıdır.

Mina ürəkdolusu sevinclə babası ilə görüşür. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən qızcığaz öz bələdçi dostunu – çərpələngini yeni səyahətə yollayır ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlanır.

Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında tamaşaçılar Mina və onun babası ilə vidalaşırlar.

Mərasim Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitir. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu səsləndirildiyi zaman stadion üzərində səma əlvan rənglərə boyanır.

Rəngbərəng fişənglər Bakı bulvarı boyunca Xəzər sularını nura boyayır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!