IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilib. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyitəşkilatçılığı ilə 14-17 noyabr tarixlərində Bakıda gerçəkləşəcək.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus”kinoteatrlar şəbəkəsi də təşkilatı dəstək qismində Festivalda iştirak edir.
Mətbuat konfransında Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, festivalın Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Ayaz Salayev, Festivalın Yerli müsabiqəsinin münsiflər heyətinin sədri Mirbala Səlimli, Festivalın direktoru Fehruz Şamıyev iştirak edib.
Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə 100 filmin festival çərçivəsində nümayiş olunmasını böyük nailiyyət hesab edir: “Artıq doqquzuncu dəfə keçirilən “START” Beynəlxalq Qısa Filmlər Festivalının təşkilatı məsələlərinin həllində Mədəniyyət Nazirliyi yaxından iştirak edir. Biz şadıq ki, festivala 45 ölkədən 490 film göndərilib və Seçim Komissiyası 100 filmi festival zamanı nümayiş etdirəcək. Bu çox böyük nailiyyətdir. Bu festivalın Təşkilat Komitəsinin böyük və gərgin əməyi nəticəsində əldə olunub. Festivalın təşkilində və keçirilməsində hər birimizə uğurlar arzu edirəm”.

Festivalın Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Ayaz Salayev bu festivalda iştirakındanməmnun olduğunu bildirdi və belə bir festivalın Azərbaycan kinosu və gənc kinematoqrafçıları üçün çox önəmli olduğunu vurğuladı. Ölkəmizdə kinofestivalların sayının artacağına ümid etdiyini dedi”.
Festivalın Yerli müsabiqəsinin münsiflər heyətinin sədri Mirbala Səlimli də festivalın önəmini qeyd edərək, yerli gənc istedadlı kinematoqrafçıların üzə çıxmasında mühüm rol oynadığını bildirib. “Bu festivalın bir parçası olduğuma sevinirəm və ümid edirəm ki, ildən-ildən festivalın əhatə dairəsi daha da artacaq”.
Festivalın direktoru Fehruz Şamıyev bildirib ki, həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı Beynəlxalq, Yerli, “Cinemobil” müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq. Bu ildən etibarən Festival qaliblərinə “QIZIL NAR” mükafatı təqdim ediləcək.

Bu il festivalın müsabiqə bölməsinə 45 ölkədən(Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya)490 qısametrajlı film təqdim edilib. Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası bu filmlərin arasından Beynəlxalq müsabiqənin proqramına 72 film(41 bədii, 15 sənədli, 11 animasiya, 5 eksperimental) daxil edib. Qalibləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Bu il Festivalın Beynəlxalq münsiflər kürsüsündə Ayaz Salayev (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) yer alacaqlar.

Seçim Komissiyası festivalın Yerli müsabiqə bölməsinə 28 film (17 bədii, 8 sənədli, 3 animasiya) daxil edib.
YERLİ müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssisin – Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçəcək.
Nəticədə Seçim Komissiyasının qərarına, əsasən, Beynəlxalq və Yerli müsabiqədə “Qızıl nar” uğrunda 30 ölkədən 100 film mübarizə aparacaq. Filmlər 14, 15, 16, 17 noyabr tarixlərində saat 12:00-dan 16:00-dək Nizami Kino Mərkəzində, “Cinema Plus 28 Mall”-da nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalda ilk dəfə reallaşan “Cinemobil” onlayn yarışmasında isə göndərilən 15 filmdən yalnız 3-ü onlayn səsverməyə təqdim edilib. Müsabiqənin bu bölməsində qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Filmlər noyabrın 10-dan festivalın “Facebook” səhifəsində yerləşdirilib. Səsvermə 16 noyabr tarixinə kimi davam edəcək. Müsabiqənin qalibinə “TAMAŞAÇI RƏĞBƏTİ” mükafatı təqdim ediləcək.
Yerli kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə Festivalın elan etdiyi “Pitçinq”ə 10 kino layihəsi təqdim edilib, onlardan 4-ü müzakirəyə çıxarılacaq.

Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerasının təşkili olacaq. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan Azərbaycan əsilli iranlı kinorejissorun bu filmi 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub. Yerli tamaşaçılar filmi 16 noyabr saat 19:00-da “CinemaPlus Gənclik Mall”-da izləyə biləcəklər.

Qeyd edək ki, Festivalın açılış mərasimi 14 noyabr, saat 19:00-da Nizami Kino Mərkəzində, bağlanış mərasimi isə 17 noyabr saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.  

Festival haqqında ətraflı məlumatı www.filmfestival.az saytından əldə edə bilərsiniz.

Əlaqə nömrələri: 055 639 52 27

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: