Bakıda “Jara” filminin qapalı premyerası keçirilib

Ötən gün, sentyabrın 5-də, Bakıda “Jara” filminin qapalı premyerası keçirilib.

Frame.az xəbər verir ki, gecəyə tanınmış Azərbaycan artistləri, aparıcılar, bloggerlər, həmçinin KİV nümayəndələri qatılıblar.

Tədbirdə filmin baş qəhrəmanlarından rusiyalı aktyorlar Nail Abdrahmanov və Maqomed Murtazaliyev, eləcə də azərbaycanlı aktrisa Günəş Mehdizadə də iştirak ediblər.

Qeyd edək ki, filmin çəkilişləri “JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Azərbaycanın Xalq artisti Emin Ağalarov “Jara” komediyasının baş prodüseri qismində də çıxış edib. Jurnalistlərə açıqlamasında o bildirib ki, layihənin gələcəkdə davamı da ola bilər:

“Özün işlədiyin layihəni qiymətləndirmək çətindir. Lakin hesab edirəm ki, bu gün filmin prodüseri, ideya müəllifi və kreativ direktoru Teymur Cəfərovla birgə Bakı tamaşaçılarının reaksiyasından hər şeyi öyrənəcəyik. Moskvada hər şeyin əla keçdiyini deyə bilərəm”

Filmin prodüseri və kreativ direktoru Teymur Cəfərov qeyd edib ki, ekran əsəri rusiyalı tamaşaçılar üçün çəkilib.

“Mən onlara doğma şəhərimi tamamilə başqa tərəfdən göstərmək istəyirdim. Filmə baxanda onu necə sevgi ilə çəkdiyimizi görəcəksiniz. Film Rusiyanın mindən çox kinoteatrında nümayiş etdiriləcək. XXI əsrdə ilk dəfə Rusiya ekranlarında Azərbaycan sözləri səslənəcək”.

Emin Ağalarov isə qeyd edib ki, layihədə bir neçə məsələ qarşıya qoyulmuşdu.

“İlk növbədə, Bakının gözəlliyini göstərmək istəyirdik, və hesab edirəm ki, bu bizdə əla alındı. İkincisi, festivalın və şəhərin yay atmosferini çatdıraraq tamaşaçıları hələ olmadıqları şəhərə cəlb etmək istəyirdik. Film Moskvada nümayiş etdiriləndən sonra biz sosial şəbəkələrdə şərhləri izləyirik, insanlar isti münasibət bəsləyirlər: “Bilmirdik ki, ora elə gözəl və maraqlıdır”, və sairə.

Əsas məqsəd isə filmi gülməli etmək idi. Biz azərbaycanlıları olduqları kimi göstərmək istəyirdik”.

Tədbirin fəxri qonaqlarında biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. O etiraf edib ki, intriqanı saxlamaq üçün filmə baxmayıb.

“Mən hətta treylerə sona qədər baxmadım ki, sürpriz olsun. Hesab edirəm ki, film gözləntilərimi üstələyəcək. Səbirsizliklə ekranda oğlum Əlini görməyi gözləyəcəm. Əminəm ki, film Bakımızın bütün gözəlliyini əks etdirə biləcək”.

Filmin süjetinə görə, baş qəhrəman, istedadlı debütant Daşa Steklova Azərbaycan paytaxtına festivalda çıxış etmək üçün gəlir. Gənc oğlanla (həm də filmin prodüseridir) mübahisə onun planlarını dəyişdirir. Bakıda qızı çoxlu yeniliklər gözləyir, və burada, o, arzusuna çatacaq. Film yumor, musiqi və Bakı koloriti ilə doludur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: