“Baku Summer Jazz Days” Beynəlxalq Caz festivalının açılışı keçirilib

İyunun 4- də Beynəlxalq Muğam Mərkəzində “ Baku Summer Jazz Days” Caz Festivalı çərçivəsində caz dünyasında tanınmış truba ifaçılarından biri Avişhai Cohen çıxış etmişdir.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə keçirilir.

Baku Summer Jazz Days  hər il yayın ilk ayının  birinci yarısında ənənəvi olaraq keçiririlir.

Mərkəzin foyesində Baku Summer Jazz Days festivalına uyğun olaraq caz musiqisinə həsr olunmuş rəsm sərgisi tamaşaçılara təqdim olunub.

Mərkəzin səhnəsində baş tutan konsertin ilk günündə  Mədəniyyət Naziri Əbülfəz Qarayev, ABŞ və İsrail səfirliklərinin nümayəndələri iştirak edirdilər.

Tədbirin rəsmi hissəsində İsrailin Bakıdakı səfiri  Dan Stav çıxış edərək Baku Summer Jazz Days festivalını keçirən təşkilatçılara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Baku Summer Jazz Days musiqisevərlər və çıxış edən ifaçılar üçün olduqca əhəmiyyətlidir.
Tanınmış teleaparıcı Rahib Azərinin aparıcılığı ilə keçən konsertdə Avişhai Cohen və onun məşhur kvarteti Yonathan Avişay (fortepiano), Barak Mori (bas) və Ziv Ravitsz (zərb alətləri) caz üslubunda ifalarını tamaşaçılara təqdim etdilər.
Bu günə kimi pop və xalq musiqi üslubunda  çıxış edən Avişhai Cohen  Boston Berklee Musiqi Kollecində təhsil almışdır. 1997-ci ildə sənətçi Trumpeters Thelonious Monk Jazz müsabiqəsində fəxri üçüncü yeri tutaraq beynəlxalq aləmdə məşhurlaşmışdı.
Avişhai Cohen tənqidçilər tərəfindən Amerika caz səhnəsinin parıldayan ulduzu adlandırılır. O, öz ifasında müxtəlif stil performanslarını parlaq şəkildə  birləşdirir. Cohen əfsanəvi Maylz Devisin irsini özünəməxsus şəkildə yaşadan və öz dəsti-xətti olan məşhur musiqiçidir.
Təkcə 2016-cı ildə Cohen Jazz Magazine Fransa tərəfindən “Ən yaxşı xarici sənətkar”, TSF Jazz və Academie du Jazz tərəfindən “İlin ən yaxşı albomu” və “Jazz Times” tərəfindən ilin ən yaxşı 20 albomunda mükafata layiq görülmüşdür.
Konsert cazsevərlər tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Baku Summer Jazz Days-in proqramına müxtəlif ölkələrdən olan musiqiçilərin iştirakı ilə 4 konsert daxil edilib. İfaçılardan hər biri müxtəlif caz üslublarında çıxış edəcək. Konsertlərdən əlavə, həmçinin ustad dərsləri də keçiriləcəkdir.

İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində qonaqlara Azərbaycanın Əməkdar artisti Elçin Şirinov və Andras Des Triosu-nun uğurlu əməkdaşlığının nəticəsi olan beynəlxalq caz layihəsi təqdim olunacaq. Bu layihə dəfələrlə xarici festivallarda nümayiş etdirilib, diski də buraxılıb.

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın fank bas gitaraçısı və müğənnisi Nik West  öz ansamblı ilə çıxış edəcək.
İyunun 8-də Beynəlxalq Muğam Mərkəzində isə tamaşaçıları Fransanın populyar musiqiçiləri Jacky Terrasson və Stephane Belmondo və onların yeni layihəsi TERRAMONDO (“Mother”) ilə görüş gözləyir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: