Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

Kaspersky özünün yeni həlli – fövqəladə halların təhlili üçün hazırlanan Kaspersky Neural Networks sistemini təqdim edir. Bu həllin istifadəsi təbii fəlakətlər, çox sayda insanların toplaşdığı kütləvi tədbirlər və meqapolis yollarında böyük sıxlıqlar zamanı əlverişli olacaq. Məlumatların təhlili neyron şəbəkələrinin köməyilə real vaxt rejimində pilotsuz uçan aparatın (PUA) göyərtəsində aparılır.

Kaspersky Neural Networkssistemi üç əsas tapşırığın icrası üçün nəzərdə tutulub:

çətin şəraitli ərazilərdə itmiş insan, heyvan və obyektlərin axtarışı;

havadan çəkilən fotoların istifadəsi ilə fövqəladə hallar zamanı dəymiş zərərin qiymətləndirilməsi;

geodeziya, kartoqrafiya və kadastr fəaliyyətləri üçün vacib məlumatların təhlili, həmçinin yollarda hərəkətin təşkili.

Sistemin unikallığı ondadır ki, o, havada olan bir neçə PUA-dakı məlumatları real vaxt rejimində təhlil edə və onları bir neçə operator üçün vahid interfeysdə nümayiş etdirə bilir. Bu da öz növbəsində hər hansı hadisəyə göstərilən reaksiyanın sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Sistemin yaradıcılarına görə, o, ilk növbədə Azərbaycanın Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün aktual olacaqdır. Hadisənin təhlilinə və insanların axtarışına köklənən sistem, kənd təsərrüfatı müəssisələri, inşaat və sənaye şirkətləri üçün etibarlı bir köməkçi qismində çıxış edə bilər.

“Kompüter izləməsinə əsaslanan intellektual texnologiyalar bu gün Azərbaycanda müxtəlif sahələr üçün aktualdır. Məsələn, ölkənin şimalında davamlı olaraq daşqınlar baş verir, sel körpüləri və evləri yuyur. Müəyyən ərazilərin çətin şəraiti isə hadisələrin bütöv mənzərəsinin tez bir zamanda əldə edilməsini çətinləşdirir. Zərərin vaxtında qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün belə bir həllin böyük köməyi ola bilər”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Bundan əlavə, neyron şəbəkələri və kompüter izləməsinə əsaslanan bir həll, şübhəsiz ki, sürətlə inkişaf edən Bakının nəqliyyat sistemi və onun şəhərətrafı infrastrukturla birləşdirilməsi üçün aktual olacaqdır”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: