Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında 17 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən 2018-ci ildə dahi bəstəkarın yubileyi ilə əlaqədar Azərbaycanda, eləcə də bir çox  xarici ölkələrdə silsilə tədbirlər keçirilib.
Dekabrın 19-da yubiley tədbirlərinin yekunu olaraq Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş kamera  konserti keçirildi.
Tədbirdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev və istedadlı gənc vokalçı, Bülbül adına VII Beynəlxalq müsabiqənin “Ümid” diplomuna layiq görülmüş Mahir Tağızadə çıxış etdilər.
Konsertdə dahi bəstəkarın “Fortepiano üçün 24 prelüd” silsiləsindən 2-ci dəftər”, “Skripka və fortepiano üçün sonata”, “Bariton, skripka və fortepiano üçün 3 noktürn”, “Yeddi gözəl” baletindən fortepiano üçün transkripsiya” əsərləri səsləndi.
Bütün çıxışlar  alqışlarla  qarşılandı.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Dekabrın 22-də Beynəlxalq Muğam  Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il bayramına həsr olunmuş konsert keçiriləcək. Konsertdə Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: