Frame LifeSağlamlıqTəqdimat

Koronavirus xəstələri üçün 10 günə tikilən ikinci mobil xəstəxana istifadəyə hazırdır

Çinin Uxan şəhərində koronavirusun yeni növünə yoluxanların yerləşdirilməsi üçün inşa edilən ikinci mobil xəstəxana istifadəyə hazırdır.

Frame.az xəbər verir ki, 21,9 hektar sahədə 10 günlük inşaat-quraşdırma işlərindən sonra hazır olan Leyşenşan xəstəxanasında Uxan meriyasının müvafiq qurumları yoxlamalar aparıb. Artıq təhvil-təslim prosesi başa çatıb və 1600 çarpayılıq xəstəxana fevralın 8-dən xəstələrin qəbuluna başlayır. Şəhərdə virusa yoluxma hallarının çoxalmasının yaratdığı tələbə əsasən inşa olunan xəstəxanada təxminən 2 min tibb işçisi çalışacaq.

Qeyd edək ki, Uxanda koronavirus xəstələri üçün ilk mobil xəstəxana fevralın 3-dən fəaliyyətə başlayıb. Ümumi sahəsi 34 min kvadratmetr olan Huoşenşan xəstəxanası min xəstə qəbul etmək imkanına malikdir.

Uxan merinin müavini Xu Yabo bildirib ki, hazırda şəhərdə koronavirus xəstələri üçün nəzərdə tutulan 28 xəstəxanada 9 min çarpayı var. Müvəqqəti olaraq xəstəxanaya çevrilmiş idman arenaları və sərgi mərkəzlərində əsasən vəziyyəti yüngül olan xəstələr üçün 4250 çarpayı mövcuddur. Huoşenşan və Leyşenşan xəstəxanalarında isə vəziyyəti ağır olan xəstələr yerləşdirilir.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ölkədə koronavirusun yeni növünə yoluxma hallarının (24 min 953) və ölüm hallarının çoxu (699) məhz Xubey vilayətində və onun inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb. Yanvarın 24-də Xubeydə 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti, Uxan da daxil olmaqla vilayətin bir neçə şəhərində isə karantin elan olunub, giriş-çıxış bağlanıb. Bundan başqa, virusun yayılmasının qarşısını almaq üçün Uxanda ictimai nəqliyyatın, şəhərin mərkəzi hissəsində isə fərdi avtomobillərin hərəkəti dayandırılıb. Ölkənin digər şəhərlərindən Xubeyə yüzlərlə tibb işçisi ezam olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!