MədəniyyətSərgi

Laçın rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

16 may 2017-ci il tarixində, saat 15:00-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Laçın rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı…” adlı tədbir keçiriləcək.

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonunun qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiəti bir-birini tamamlayırdı. Laçının hər kəndi canlı tarixi abidə idi. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürdhacı və digər kəndlərdəki tarixi abidələr  min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi. Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 25 il keçir.

 Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə “Laçın, səndə nələr qaldı…” adlı tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim   sənət nümünələrimizin öyrənilməsi və qorunmasını aşılamaq,eyni zamanda qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, Azərbaycan Texniki Universitetinin İctimai Fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Əməkdar mədəniyyət işçisi,tarix elmləri üzrə fəlsəfə doktoru Solmaz Məhərrəmova, Laçın rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva, Tarixi abidələrin Mühafizəsi ictimai birliyinin sədri Faiq İsmayılov Laçının mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Laçınla bağlı xatirələrini bölüşəcəklər.

Tədbirin bədii hissəsində 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi, Naxçıvan Muxtar Respublikasının “Əməkdar artist”i Ehtiram Hüseynov “Sarı gəlin” xalq mahnısını, aşıq Elşad Abbas  sazda “Ruhani” aşıq havasını ifa edəcəklər. Tədbirin sonunda “Laçına virtual” səyyahət adlı video çarx nümayiş olunacaq. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!