Baku City CircuitFormula 1

“Liberty” Vyetnam Qran-Prisi layihəsini həyata keçirmək istəyir

Formula-1 yarışlarının Vyetnamda keçirilməsi ehtimalı əvvəlcədən az idi. Berni Ekklstoun hələ keçən il etiraf edib ki, dünya çempionatının bir mərhələsini bu ölkədə keçirmək ideyasından bilərəkdən imtina edib, hətta Vyetnam rəhbərliyi ilə görüşməyə ehtiyac qalmayıb.

Frame.az “F1News.ru” saytına istinadla xəbər verir ki, iri biznes Qran-Prinin Vyetnamda təşkil edilməsi ideyasına maraq göstərir. Məsələn, Hollandiyanın pivə nəhəngi sayılan “Heineken International” şirkətinin nümayəndəsi ötən ilin yayında bu barədə danışırdı, çünki həmin şirkət öz məhsullarının yerli bazarlarda təbliğ olunmasına maraq göstərir.

Lakin Melburnun keçmiş meri, uzun illər boyu “Australian Grand Prix Corporation” şirkətinə rəhbərlik etmiş təcrübəli sahibkar, Albert-Parkda yürüşlərin uğurlu promouteri olmuş Ron Uoker bu yaxınlarda vəfat edəndən sonra Vyetnam layihəsi ilə bağlı hazırlıq işlərində durğunluq yaranıb. Asiyanın işgüzar dairələri ilə sıx əlaqə yaratmış Uoker son illərdə Vyetnam Qran-Prisinin hazırlanması ilə məşğul olurdu, lakin bu işi sona çatdırmaq ona qismət olmadı.

Bununla belə, “Liberty Media” həmin layihəni həyata keçirmək əzmindədir. Formula-1 yarışlarının yeni sahiblərinin nümayəndələri və almaniyalı memar German Tilke Vyetnam paytaxtında bir sıra rayonları müayinə etmək və gələcək küçə trasının konfiqurasiyasının bir neçə mümkün variantını hazırlamaq məqsədilə bir neçə dəfə Hanoyda olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!