SəyahətTurizmTəqdimat

Londonda Azərbaycanın yeni turizm brendinin təqdimatı olub

Londonun “Excel London” arenasında “World travel market-2018” beynəlxalq turizm sərgisi açılıb. Beynəlxalq sərgidə Azərbaycan da iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib.

Frame.az xəbər verir ki, müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.

Təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.

Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkəmiz bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii gözəlliklərimiz turistləri hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.

Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov media və turizm şirkətləri nümayəndələrinə Azərbaycanın Şəki, Şamaxı və digər turizm şəhərləri, ölkədə keçirilən beynəlxalq yarışlar haqqında məlumat verib.

B.Əsgərov deyib: “Biz qarşıdakı illərdə Azərbaycan Turizm Bürosunun Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Çin, Böyük Britaniya, Koreya Respublikası və Fransada nümayəndəliklərini açmağı planlaşdırırıq”.

Azərbaycan Turizm Bürosunun nümayəndələri Azərbaycanın turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti barəsində sualları cavablandırıblar.

Qeyd edək ki, yeni kampaniyanın məqsədi xarici turistləri Azərbaycana dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu göstərmək və onlara unudulmaz xoş təəssüratlar bəxş etməkdir. Azərbaycanın yeni turizm imicinin, ölkəmizin turistlər üçün cəlbedici məkanlardan biri olması faktının dünya ictimaiyyətinə çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.

Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə çevirmək və 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının iki dəfə artırılmasına nail olmaq kampaniyanın strateji hədəfləri sırasındadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!