Luis Hamilton cari mövsümdə ilk qələbəsini Bakıda qazanıb

“Mercedes” komandasının pilotu Luis Hamilton aprelin 29-da Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – Azərbaycan Qran-Prisinin qalibi olub.

Frame.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.

Formula 1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparıb. Hər komanda iki pilotla təmsil olunub.

Aprelin 28-də keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü aşağıdakı kimi olub: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton (“Mercedes”), Valtteri Bottas (“Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Karlos Sainz (“Renault”), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Niko Hulkenberq (“Renault”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb. Yarış başlayan kimi elə birinci dövrədə də iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Esteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci dövrəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.

“McLaren” komandasının pilotu Fernando Alonsonun bolidinin ön və arxa təkərləri partlasa da, o, pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam etdirib.

“Renault” komandasının pilotu Niko Hulkenberq inamla mübarizə aparsa da, bolidinin təkərinin partlamasından sonra divara çırpılması nəticəsində yarışı dayandırmalı olub. Əlli bir dövrədən ibarət yarışın 12-ci dövrəsinə qədər artıq üç pilot yarışdan kənarda qalıb.

“Red Bull Racing” komandasının iki pilotu eyni anda yarışla vidalaşıb. Daniel Rikkardonun bolidi Maks Ferstappenin bolidinə arxadan çırpılıb. M.Ferstappen düzgün manevr etmədiyinə görə, D.Rikkardo əyləcə bassa da, sürəti nizamlaya bilməyib və bolidlər toqquşub. Beləliklə yarışın bitməsinə 10 dövrə qalmış artıq 5 pilot üçün mübarizə başa çatıb.

“Haas” komandasının pilotu Roman Qrojanın idarəetməni itirməsi nəticəsində onun bolidi baryerə toxunub və yararsız hala düşüb.

“Mercedes”in pilotu Valtteri Bottas lider olduğu halda sona üç dövrə qalmış təkərinin sıradan çıxması ilə yarışı dayandırmaq məcburiyyətində qalıb. Bunun nəticəsində onun komanda yoldaşı Luis Hamilton liderliyə yüksəlib.

Əlli bir dövrədən ibarət yarışın yekununda “Mercedes”in pilotu L.Hamilton bütün rəqiblərini qabaqlayaraq birinci olub. Bununla da britaniyalı pilot cari mövsümdə ilk qələbəsini Bakıda qazanıb.

“Ferrari”nin pilotu Kimi Raikkonen ikinci, “Force India”nın sürücüsü Serxio Peres isə üçüncü olublar.

Formula 1 Azərbaycan Qran-Prisində ən yaxşı dövrənin sahibi “Ferrari”nin pilotu Sebastian Fettelə məxsus olub. O, 37-ci dövrəni saatda 205 kilometr sürətlə 1 dəqiqə 45,149 saniyəyə qət edib.

Qalibin şərəfinə Almaniyanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin sürücüsü Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ keçirib. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin sürücüsü Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Formula 1 üzrə növbəti Qran-Pri mayın 11-13-də İspaniyada keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: