Baku City CircuitFormula 1IdmanƏn Son

Luis Hamilton Formula 1 üzrə 1000-ci Qran-Prinin qalibi olub

Aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən Formula 1 üzrə 1000-ci Qran-Pri “Mersedes” komandasının böyük qələbəsi ilə başa çatıb.

Frame.az xəbər verir ki, bu komandanın pilotları – britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri isə “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.

Cari mövsümün üçüncü Qran-Prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun komanda yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən 6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub.

“Toro Rosso”nun pilotu Daniel Kviat və “Reno”nun sürücüsü Niko Hülkenberq mübarizəni başa çatdıra bilməyiblər.

Cari mövsümün ilk iki Qran-Prisi də “Mersedes” komandasının qələbəsi ilə başa çatıb. Belə ki, martın 17-də Avstraliya Qran-Prisində Valtteri Bottaş, martın 31-də Bəhreyn yarışında isə Luis Hamilton qalib gəliblər.

Beləliklə, üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla Valtteri Bottaş liderlik edir. Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mersedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

Formula 1 üzrə dünya çempionatının növbəti – dördüncü Qran-Prisi aprelin 26-28-də Bakıda keçiriləcək. Bu mötəbər yarışla əlaqədar Bakıda artıq son hazırlıq işləri görülür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!