Baku City CircuitFormula 1Təqdimat

Lyuis Hemilton “PETRONAS”ın Bakıda keçirdiyi ziyafətin əsas qəhrəmanı olub

Bakıda keçirilən “Formula 1” yarışlarının Azərbaycan Qran-prisinin kvalifikasiya mərhələlərindən sonra “PETRONAS” beynəlxalq qaz şirkəti tərəfindən tərəfdaş və distribütorlar üçün axşam ziyafəti təşkil olunub. Tədbirin əsas qəhramanı “Mercedes AMG PETRONAS F1” komandasının britaniyalı pilotu, dördqat dünya çempionu Lyuis Hemilton olub.

Ziyafət çərçivəsində “Mercedes AMG PETRONAS F1” komandasının “Mercedes-Benz Motorsport”un kommunikasiya üzrə direktoru Bredli Lord tərəfindən keçirilən mətbuat konfransı təşkil olunub. Lyuis Hemilton yarışın yeni texniki reqlamenti, çətin, lakin eyni zamanda, olduqca maraqlı Bakı trassasının nüansları və yarışın bazar günü keçiriləcək son mərhələsində planları haqqında danışıb.

“Bakıya artıq üçüncü dəfə gəlirik və mən buna olduqca şadam. Ötən iki illə müqayisədə bu hava daha sərindir, lakin buna baxmayaraq yarışlar qızğın keçir. Amma başa düşə bilmirəm – niyə Azərbaycanı “Odlar diyarı” adlandırırlar? Burada daim küləklər əsir, mən bu ölkəni “küləklər diyarı” adlandırardım. Bakı trassası ən çətin və sürətli şəhər trassalarındandır – burada sürət olduqca yüksəkdir, döngələri görmək çox çətindir. Məhz bütün bunlar yarışlara olan marağı artırır. Bakıda heç vaxt qalib gəlməmişəm. Başa düşürəm ki, bu, heç də asan olmayacaq, lakin mənim əsas məqsədim – birinci olmaqdır”, – deyə L. Hemilton bildirib.

“Mercedes AMG PETRONAS F1” komandasının pilotu “PETRONAS” şirkəti ilə əməkdaşlıqdan da danışıb: “Bizim “PETRONAS” ilə məqsədlərimiz üst-üstə düşür və sözügedən şirkətlə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Əgər bolidin ürəyi onun mühərrikidirsə, mühərrikin ürəyi yağdır. Yarışın reqlamentinə əsasən, bu il biz yalnız üç mühərrik istifadə edə bilərik, yəni, bir motorla biz 7 yürüş həyata keçirməliyik. Bu baxımdan bizə “PETRONAS”ın texnologiyaları kömək edir. Əvvəllər mühərriklər daha çox yanacaq sərf edirdisə, artıq bu gün biz az yanacaq istifadə edərək yaxşı nəticələr əldə edə bilirik. Bizim mühərrik olduqca gözəldir”.

Elektrokarlar yürüşü və Lyuis Hemiltonun bu yarışlarda iştirakının mümkünlüyü barədə jurnalistlərin sualını cavablandıran pilot qeyd edib ki, bu cür yarışlar (“Formula E”) hazırda çox aktiv inkişaf edir: “Mən başa düşürəm ki, ətraf mühitin qorunması olduqca vacib məsələdir, lakin ümid edirəm, mənim “Formula 1” yarışlarında çıxış edəcəyim növbəti 5 il ərzində biz elektrik bolidlərə keçməyəcəyik. Mən yanacaqla işləyən bolidlərlə çıxış etmək istərdim, belə ki, məhz yanacaq mühərriklərinin səsi yarışlara xüsusi həzz və ehtiras əlavə edir”.

Bazar gününün yürüşü“Mercedes AMG PETRONAS F1” komandasının britaniyalı pilotuna uğur gətirib: o, Azərbaycan Qran-prisinin qalibi olaraq öz arzusuna çatıb. 2016-cı ildə Azərbaycanda keçirilən “Formula 1” yarışının debüt mərhələsinə L. Hemilton ikinci yerə layiq görülmüşdü, ötən il isə trassada baş verən toqquşma nəticəsində təhlükəsizlik məqsədilə o, pit-stopda bolidin ehtiyat hissəsini dəyişməyə məcbur olub və fimişə beçinci çatıb.

“Fairmont Baku” hotelində təşkil olunmuş axşam ziyafətinin iştirakçıları hazırda dünyanın ən yaxşı pilotlarından biri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Qonaqların emosiyaları və təəsüratları, avtoqraflar və fotosessiya, həmçinin “Formula 1” yarışı barədə intəhasız söhbətlər axşama xüsusi rəng qatıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!