® Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru

“Azercell”in dəstəklədiyi Azərbaycan komandası yarışmada 3 medal qazanıb

Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Sentyabrın 13-dən 19-dək davam edən bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru “Azercell Telekom”un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.

Bu beynəlxalq yarışmada Azərbaycanı 4 məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə Təhsil Nazirliyinin təşkilatçılığı və “Azercell”in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.

İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü – Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal – bir gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar. Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.

1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunub. Bakıda keçirilən olimpiadada “Azercell” şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, “Azercell” həm də, yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətinin üzvlərini mobil internetlə təmin etmişdi.

Xatırladaq ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də “Azercell” müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək bal toplamış 10 nəfər abituriyent “Azercell” tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazanıb. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim edib.

“Azercell Telekom” fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: