“Mənim günahım” yenidən səhnədə – bu dəfə Nərgiz Kərimova ilə

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi teatrsevərlərə bu dəfə Əməkdar artist Nərgiz Kərimovanın  ifasında təqdim olunacaq. Aktrisa  səhnədə  bütün varlığıyla sənətinə bağlı olan Nurcahan adlı balerinanın dramatik obrazını peşəkarlıqla tamaşaçıya çatdırır, canlandırdığı obrazın həyatının hər saniyəsini anbaan yaşayır. Yaş üstünə yaş gəldikcə artıq səhnədən ayrılmaq qorxusu ilə üzləşən Nurcahan nəinki sevimli peşəsini, həm də uğrunda mübarizə apardığı əri Sahibi itirməkdən həyacanlanır. Sahib onu məhz  bu səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. Əsərdə hadisələr elə cərəyan edir ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir…

Bu rolun əvvəlki ifaçısı Xalq artisti Şükufə Yusupova tamaşaçıların yaxşı yadındadır. Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova da Nurcahan rolunda öz istedadını  rəngarəng  prizmadan nümayiş etdirərək, tamaşaçılarda   dərin və fərqli  təəssüratlar yarada bilir.

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fəqrli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.

Qeyd edək ki, tamaşada rolları  Əməkdar artist Nərgiz Kərimova ilə yanaşı, tamaşaçılara “Vicdan haqqı” serialından İmran obrazı ilə yaxşı tanış olan Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: