“Mənim həyatım: sevgi və şövq”

Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində “Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.

Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə həm skripkada ifa edib, həm də dirijorluq edib. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkarın ifası böyük maraqla qarşılanıb.

Peter Qut bu dəfə də konsert boyu tamaşaçılarla səmimi ünsiyyət qurub. O, Bakıya ikinci dəfə gəlişindən və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin binasında bir daha konsert verməyindən böyük şərəf duyduğunu bildirib.

Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunub. Solist öz ifası və yüksək artistik məharəti ilə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində olsa da yaxınlaşdırıb.

Qeyd edək ki, Peter Qut konsertdən əvvəl jurnalistlərə müsahibəsində Bakıya hələ ilk gəlişində bu şəhərin gözəlliyinə və müasirliyinə valeh olduğunu söyləyib. Vyanada gözəl tikililərin olduğunu qeyd edən görkəmli musiqiçi Heydər Əliyev Mərkəzinin zalında akustikanın mükəmməlliyini xüsusilə vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, Vyana musiqisi çox müsbət və optimist tərzdədir. Təəssüf ki, dünyanın bəzi ölkələrində müharibə gedir, böhranlar baş verir. Bizim orkestr musiqinin dili ilə insanlara dünyanın gözəl olduğunu aşılamağa, konsert müddətində tamaşaçılara xoş anlar bəxş etməyə çalışır.

Xatırladaq ki, Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzinin səhnəsində ilk dəfə 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhvali-ruhiyyəsi yaşadıb.

Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.

Dünya şöhrətli orkestrin Bakıda ikinci çıxışı da tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.15203325_956204634523819_3774498743590690671_n 15337387_956204824523800_1392029379839126931_n 15267549_956204997857116_2259380760335806813_n 15232095_956205314523751_8085779295943588309_n 15267761_956205557857060_3093375163440820000_n 15253531_956205757857040_5014307564915589828_n 15319174_956206004523682_1615512127490142726_n 15230741_956206117857004_760908796423799959_n 15327469_956206177856998_5122093216618501717_n 15267908_956222751188674_7162266156430268888_n 15337394_956223671188582_2443409246620609940_n 15171252_956225824521700_6337847495997163605_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: