Məşhur bəstəkarın oğlu Musiqili Teatrın qonağı olub

SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, rejissor, hazırda Türkiyədə yaşayan Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasının müəllimi, rejissor Fuad Hacıyev Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qonağı Teatrın direktor müavinləri Hüseyn Hüseynov və Vəfa Mühacirova qəbul ediblər. Səmimi keçən görüşdən sonra bəstəkarın oğlu atasının yadigarı – “Qafqazlı qardaşqızı” operettasına tamaşa edib.

Tamaşa haqqında xoş təəssüratlarını bölüşən mötəbər qonaq Musiqili Teatrın rəhbərliyinə, xüsusən də, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib: “Musiqisi atama məxsus olan bu tamaşa indiyə qədər Moskvanın, Riqanın, Sankt-Peterburqun, Volqoqradın, Nalçikin Musiqili Teatrlarında tamaşaya qoyulub. Musiqili Teatrın səhnəsində bu əsəri yenidən görmək mənim üçün çox sevindirici oldu. Uzun müddət işimlə əlaqədar Türkiyə Respublikasında olduğum üçün tamaşaya baxmaq imkanım olmamışdır. Tamaşa çox xoşuma gəldi və məndə nostalji hisslər yaratdı. Peşəkar aktyorların səhnədə yaratdığı obrazlar həm də bir rejissor kimi mənim diqqətimi çəkdi. Gələcəkdə teatrın kollektivi ilə birlikdə yeni işlər görmək arzusundayam”.

Qeyd edək ki, Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir. Rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Nicat Həbibov, Rauf Babayev, Əliməmməd Novruzov ifa edirdilər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: